Azərbaycanın son “Qisas” əməliyyatından və Laçının boşaldılmasından sonra Ermənistanda anti-Rusiya ab-havası daha da güclənib. Son bir ayda ölkədə bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinin əleyhinə aksiyalar keçirilib, hətta erməni mediası İrəvandakı Sürməli faciəsinə görə Moskvanı ittiham edən silsilə yazılar dərc edir.
Bu məqalələrə görə Kreml İrəvana nota vermişdi. Siyasətçilər də tez-tez İrəvanın artıq Moskvadan uzaqlaşmasının vaxtının çatdığını dilə gətirirlər, Kremlin siyasəti əleyhinə çağırışlar edirlər. Bunun davamı olaraq “Respublika” partiyasının rəhbəri Aram Sarkisyan Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmağa çağırıb. Sarkisyan və partiyası Ermənistanın baş naziri Nikol Paşinyanın gizli siyasi müttəfiqləridir. Sarkisyan deyib:
“Qərbin siyasi, hərbi və iqtisadi təsirini artırmaq üçün KTMT-dən çıxmaq lazımdır, çünki Rusiya hələ də bizə silah satmır, bu təşkilat Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirmir. KTMT-də olmağımız ABŞ və Fransanın birbaşa bəyan etdiyi daha ciddi hərbi yardım almağımıza mane olur. ABŞ və Fransanın dost ölkələrə hərbi dəstəyinin göstəricilərini öyrənəndə əmin olmaq olar ki, KTMT-dən qurtulacağı təqdirdə Qərbin Ermənistana müasir silahlarla hərbi yardımı ildə 350-400 milyon dollar civarında ola bilər”.
Ermənistanda baş qaldıran anti-Rusiya tendensiyası ilə bağlı ekspertlər nə düşünür?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən hadisələr, revanşist qüvvələrin başpozuq hərəkətləri, müxtəlif siyasi dairələrin təxribatçı bəyanatları bu ölkə üçün nəinki yaxşı heç nə vəd etmir, hətta onu hər gün uçuruma bir az da yaxınlaşdırır: “KTMT-dən çıxmaq, Rusiya əleyhinə bəyanatlar səsləndirmək isə erməni siyasi dairələrinin hansı rəzil və çıxılmaz vəziyyətdə olıduğunu göstərir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın hərbi qüdrəti altında əzilən Ermənistan son ümid yeri kimi KTMT-ni görürdü. KTMT-ni prosesə cəlb etmək kimi uğursuz cəhdlər edilirdi. Amma onların bu istəkləri də gözündə qaldı. Çünki Azərbaycan öz suveren ərazilərində müharibə aparırdı və işğalçılara tarixi dərs verirdi. Bu gün Ermənistan elə bir dalana dirənib ki, siyasi dairələr başını itirib və nə etdiklərini belə anlamayan duruma düşüblər. Rusiyadan, Avropadan, ümumilikdə dünya siyasi dairələrindən dəstək ala bilməyən İrəvan bu cür siyasi manipulyasiyalar etməklə vaxt qazanmaq istəyir. Digər tərəfdən, belə xaotik siyasi gedişlər həm də daxili auditoriyaya, ictimai rəy formalaşdırmağa hesablanmış hərəkətlərdir. Sürməli faciəsinə görə hansısa xarici ölkəni ittiham etmək isə ümumiyyətlə gülüncdür. Hazırda tənəzzülə uğramış, can verən bir ölkədə terror törətmiək kimə və nəyə görə lazım olsun ki? Əlbəttə ki, ermənilər bu faciədən də siyasi maraqları üçün istifadə edirlər. Hazırda Paşinyana yaxın siyasi dairələr də Rusiya əleyhinə bəyanatlar səsləndirir. Paşinyanın Rusyaya arxa çevirməsi, belə desək, xəyanət etməsi bugünün, dünənin işi deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu gün də bu proses daha yeni müstəviyə qədəm qoyub və Rusiyanın hazırkı siyasi-hərbi vəziyyətindən istifadə edən Paşinyan və onun gizli tərəfdarları daha da irəli getməyi düşünür. Bütün bu qeyri-kontruktiv, revanşisst meyllər, şübhəsiz ki, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə ciddi təhdidlər yaradır və Ermənistanı daha böyük təhlükələrlə üz-üzə qoyur”.
Məhəmmədəli QƏRİBLİ