Azərbaycan prezidenti Qoşulmama Hərəkatını təşkilata çevirmək ideyasını verdi...

Elşən Həsənov: “İlham Əliyevin Hərəkatı daha funksional platformaya çevirmək təklifi ideal təşəbbüsdü

img

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı təsisatın bir sıra problemlərlə birgə mübarizə aparacaq platformaya çevrilməsi zərurətinin olduğunu bəyan edib:

“Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm”.

Xüsusilə də BMT-nin öz qəbul etdiyi qətnamələri icra edə bilmədiyi bir zamanda bu böyük Hərəkatın birgə fəaliyyət göstərəcək platformaya çevrilməsi ideyasının irəli sürülməsini necə qarşılamaq olar?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, soyuq müharibə dövründə bir sıra dövlətlərin vaxtilə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı müasir dövrdə beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib: “Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan qurum, müəyyən tarixi şəraitdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir.  Hətta təşkilat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

2021-ci ilin 29 noyabr tarixində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsi təsis edilib.

30 iyun tarixində ölkəmizdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı keçirildi. Tədbir “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edib.

Bu isə o deməkdir ki, İlham Əliyev sədrlik etdiyi Qoşulmama Hərəkatını gücləndirir. Bununla da Azərbaycanın siyasi rolu regional səviyyədən dünya səviyyəsinə qədəm qoyur. İlham Əliyevin Hərəkatı daha funksional platformaya çevirmək təklifi isə ideal təşəbbüsdür. Bu tam reallaşandan sonra Hərəkatın dünyadakı proseslərə təsiri daha da güclənəcək”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər