Naxçıvana İran dəhlizi də, Zəngəzur dəhlizi də reallaşır - hər ikisi yanaşı necə işləyəcək?

Əli Əlirzayev: “Hər iki yolun olmasının bir zərəri yoxdur, əksinə, xeyri var”

img

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan TASS agentliyinə açıqlamasında bəyan etdi ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların açılması üzrə işçi qrup bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib:

“Mən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”.

Ermənistan rəsmisi onu da qeyd edib ki, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirir.

Bu arada Rusiyanın “İzvestiya”qəzeti sözügedən məsələ ilə bağlı maraqlı bir detala toxunub. Qeyd edilir ki, bu ilin martında Bakı Tehranla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisilə Naxçıvana yol çəkmək niyyəti barədə memorandum imzaladıqdan sonra erməni tərəfi danışıqlar prosesini sürətləndirib. Rusiya tərəflərin avtomobil yolu ilə bağlı razılığa gəlməsinə kömək edib. Yalnız 6 kilometrlik bir sahəni razılaşdırmaq qalır.

Bəli, martda Azərbaycan İranla Naxçıvana yol çəkməklə bağlı məlum memorandumu imzaladıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı işlər sürətlənib. Dəmir yolu olmağına olacaq. Rusiya çalışır avtomobil yolu da olsun. Ən azından ona görə ki, Moskvada üçtərəfli komissiya bununla bağlı razılaşıb. Bütün bunlar onu göstərir ki, hər iki variant ortadadır. Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi də, İran ərazisindən keçməsi nəzərdə tutulan dəmir və avtomobil yolları da. Yəni niyyət sənədi var, qalır bunu həyata keçirmək. O baxımdan ola bilərmi ki, bunların ikisi də açılsın? Bunlarln ikisi də açılsa bir-birinə mane olacaq, yoxsa olmayacaq? Fakt odur ki, bu gün sözügedən layihələrin ikisi ilə də bağlı proses gedir.

  • “Fasiləsiz təminat baxımından bu daha sərfəlidir”

Məsələyə münasibət bildirən iqtisadçı alim, professor Əli Əlirzayevin fikrincə, hər iki ölkədən keçən yollar fəaliyyət göstərsə, bu daha yaxşı olar: “Qətiyyən bunlar bir-birinə mane olmayacaq, fasiləsiz təminat baxımından bu daha sərfəlidir. Biri işləməyəndə, o birisi işləyəcək. Ona görə də hər iki yolun olmasının bir zərəri yoxdur, əksinə, xeyri var. Çünki alternativ variant rəqabət qabiliyyətli olur. Çalışırlar yolun saxlanılmasına yaxşı qulluq etsinlər. Nə qədər yoldan tranzit məqsədi ilə istifadə edən çox olacaqsa, bu bir o qədər ölkələrə iqtisadi gəlir gətirəcək. Bunun iqtisadi səmərəliliyi, təhlükəsizliyi yüksək səviyyədə olacaq. Ticarət əlaqələri üçün bu daha sərfəlidir. Turizm üçün də bu sərfəlidir. Digər tərəfdən, ermənilərə inanmaq olmaz. Bir də gördün hansısa təxribat törətdilər. Belə olan halda seçim etmək mümkün olacaq. O üzdən, biz çalışmalıyıq ki, bunun ikisi də olsun”.

Bir sözlə, professor hesab edir ki, iki bir-birinə yaxın dəhlizin olmasının bir zətrəri yoxdur.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər