Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunu yeni mərhələyə çıxarır - Aşqabad mesajları...

Vüqar Bayramov: “Praktik olaraq ölkəmiz beynəlxalq yükdaşımalarda regional haba çevrilməkdədir”

img

“Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir”. Bunu Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır: “Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır”.

Görünən odur ki, Azərbaycanın əlverişli mövqedə yerləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Üstəlik, bir sıra səbəblərdən Transxəzərin reallaşdırılmasına maraq artıb. Ümumilikdə, Transxəzər nəqliyyat marşrutunun inkişaf, fəaliyyət perspektivlərini və bunda Azərbaycanın rolunu ekspertlər necə dəyərləndirir?

  • “Transxəzər nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycan həlledici və vacib rola sahibdir”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov hesab edir ki, Transxəzər nəqliyyat dəhlizinin reallaşmasında Azərbaycan həlledici və vacib rola sahibdir: “Çünki Azərbaycan beynəlxalq yükdaşımalarda müqayisəli üstünlüyə və strateji mövqeyə malik ölkələrdəndir. Nəzərə alsaq ki, regionda baş verən son dəyişikliklərdən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım var, o zaman bunun nə demək olduğu bir daha aydın olur. Bütövlükdə, bu sahədə prosedurların sadələşməsi, elektron xidmətlərdən daha çox istifadə edilməsi, həmçinin infrastrukturun genişləndirilməsi Azərbaycan üzərindən beynəlxalq yüklərin daşınmasının artmasına təkan verir. Yəni daşınan yüklərin həcmi artır. Praktik olaraq Azərbaycan beynəlxalq yükdaşımalarda regional haba çevrilməkdədir. Bir tərəfdən Şimal-Cənub, digər tərəfdən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi önəmli əhəmiyyət kəsb edir. Azərbaycan bu dəhlizlərin kəsişməsində yerləşir. Sadalanan istiqamətlər üzrə əməkdaşlıq nəticə etibari ilə Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Bu konteksdə qeyri-neft sektorunda beynəlxalq yükdaşımalar artıq aparıcı sahələrdən birinə çevrilməkdədir. Bütün bunlar imkan verəcək ki, Azərbaycan bu istiqamətdə valyuta gəlirlərini daha da artırmış olsun”.

Bu baxımdan millət vəkili hesab edir ki, sözügedən məsələ ilə bağlı gözləntilər böyükdür.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər