NATO sammitindən sonra Rusiyadan Ərdoğana sərt Suriya xəbərdarlığı - təsadüfdürmü...

Tural İsmayılov: “Düşünmürəm ki, Finlandiya və İsveçə görə Rusiya Türkiyəyə belə kəskin xəbərdarlıq edib”

img

Rusiya Türkiyəyə Suriyanın şimalında hərbi eskalasiya ilə bağlı xəbərdarlıq etdi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. O, Türkiyəni Suriyada əməliyyatlardan çəkinməyə çağırıb.

M.Zaxarova bunu belə əsaslandırıb: “Biz Türkiyəni gərginliyin təhlükəli həddə artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Biz belə hesab edirik ki, Suriyanın qanuni hakimiyyətinin razılığı olmadan hərbi əməliyyatlar suverenliyin, ərazi bütövlüyünün pozulması deməkdir”.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlaşır və bu, hər an başlaya bilər. Digər tərəfdən, Rusiyanın əməliyyatlara qarşı olduğu bəlli idi. Çünki Ukraynada baş verənlərin fonunda Rusiya Suriyada mövqelərinin zəifləməsini istəmir. Ancaq bu cür sərt rəsmi xəbərdarlığın Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunmasına müsbət yanaşmasından sonra baş verməsi təsadüfdürmü?

  • “Bunun başlıca səbəbi Suriyada hər zaman iki ölkənin mövqe fərqləri ilə bağlıdır”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov hesab edir ki, Rusiyanın belə xəbərdarlıqla çıxış etməsi NATO ilə bağlı deyil: “Nəzərə almaq lazımdır ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində kifayət qədər önəmli baryerlərdən biri rolunu oynayırdı. Rusiya, şübhəsiz ki, sözügedən ölkələrin NATO-ya üzvlüyü məsələsində Türkiyənin ortaya qoyduğu əvvəlki mövqeyi dəstəkləyirdi. Ancaq bu, daimi olaraq belə davam edə bilməzdi. Çünki Türkiyənin İsveç və Finlandiyadan müəyyən tələbləri var idi. Bu tələblərdən ən önəmlisi PKK və ona yaxın olan qruplarla bağlı əməli addımların atılması idi. Həmçinin, həmin ölkələrə sığınmış PKK və FETO üzvlərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı tələbləri var idi. Hesab edirəm ki, Türkiyə strateji anlamda terrorçuların təhvil verilməsi və eyni zamanda terrora qarşı birgə mübarizə məsələsində bu iki ölkə ilə razılıq əldə etdi. Fikrimcə, sözügedən razılaşmanın kifayət qədər mühüm əhəmiyyəti var. Həm Türkiyanin qlobal siyasi güc olması baxımından, həm də terrora qarşı mübarizədə Şimali Avropa ölkələri ilə anlaşmanın əldə olunması baxımından. Bu səbəbdən Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verdi. Rusiya anlamalıdır ki, Türkiyə terrorla mübarizə aparır. Terrorçularla əlaqəli olan bir sıra şəxslər Avropa ölkələrinə sığınıb. O üzdən, Türkiyə öz maraqlarını qorumaqdan ötrü bir sıra addımlar atmalıdır. Suriyada müəyyən məsələlərdə Rusiya və Türkiyənin yanaşmaları, mövqeləri fərqlidir. Baxmayaraq ki, iki ölkənin bir sıra ortaq layihələri var. Ancaq Suriyanın bəzi bölgələrində Rusiya-Türkiyə mövqeləri üst-üstə düşmür. O səbəbdən bu məsələ iki dövlət arasında müəyyən narazılığa səbəb olur. Düşünmürəm ki, Finlandiya və İsveçə görə Rusiya Türkiyəyə belə kəskin xəbərdarlıq edib. Bunun başlıca səbəbi Suriyada hər zaman iki ölkənin mövqe fərqləri ilə bağlıdır”.

Buna rəğmən, politoloq hesab edir ki, iki ölkə ortaq məxrəcə gələcək.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər