Azərbaycan Şimal-Cənub dəhlizində Xəzər ölkələrinə yeni perspektiv açır - 8-ci Bakı iclası...

Abutalıb Səmədov: “Azərbaycan son illər mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib”

img

“Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır”. Bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub”.

Azərbaycanın mühüm nəqliyyat, logistika qovşağına çevirilməsi Xəzəryanı ölkələrin bütün potensiallarının üzə çıxarılmasında və ümimi, vahid məqsədlərə yönəldilməsində necə rol oynayır?

  • “Bakıda keçirilməsi planlaşdırılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII iclası bu prosesiləri sürətləndirməyə imkan verəcək”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, beynəlxalq nəqliyyat dəhlizləri həm Azərbaycan, həm də digər Xəzəryanı dövlətlər üçün müstəsna əhəmiyyətə malikdir: “Azərbaycan son illər mühüm nəqliyyat və logistika mərkəzinə çevirilib. Həm Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həm Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi istər respublikamıza, istərsə də Xəzəryanı dövlətlərə böyük imkanlar verir. Şimal-Cənub Nəqliyyat Dəhlizi 2000-ci ilin 12 sentyabrında Rusiya və Hindistan arasında imzalanmış saziş əsasında yaradılıb. Azərbaycan 2005-ci ildə bu sazişə qoşulub. Bu nəqliyyat dəhlizinin əsas məqsədi yüklərin Hindistandan Baltikyanı ölkələrə qədər qısa müddətə daşınmasını təmin etməkdir. Əgər Süveyş kanalından istifadə edərək yüklərin daşınması 60 günə başa gəlirsə, Şimal-Cənub nəqliyyat dəhlizi imkan verir ki, yüklər cəmi 25-30 günə son məntəqəyə çatdırılsın. Hələlik, yalnız İran ərazisində müəyyən işlər tamamlanmayıb və bu dəhlizin tam işə düşməsinə imkan vermir. Xəzəryanı dövlətlərin bir neçəsi bu dəhlizdə iştirak edir. Təbiidir ki, bu Şimal-Cənub dəhlizi onların iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malikdir”.

A.Səmədovun sözlərinə görə, ikinci beynəlxalq nəqliyyat dəhlizi olan Şərq-Qərb nəqliyyat dəhlizi, demək olar ki, bütün Xəzəryanı dövlətləri əhatə edir və məqsəd Çindən Avropaya yüklərin daşınmasını təmin etməkdir: “Bu beynəlxalq nəqliyyat dəhlizi də həm Azərbaycan, həm də digər Xəzəryanı dövlətlər üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan həmişə bu cür mühüm layihələrdə aparıcı mövqe tutmağa, bu cür layihələrə vaxtında qoşulmağa çalışır, bu da, təbiidir ki, Azərbaycana mühüm üstünlüklər verir. Şübhə yoxdur ki, Bakıda keçirilməsi planlaşdırılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII iclası bu prosesləri sürətləndirməyə imkan verəcək və Xəzəryanı dövlətlərin iqtisadi inkişafında mühüm rol oynayacaq”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər