44 günlük Vətən müharibədən sonra imzalanmış razılaşmaya əsasən, Ermənistan Azərbaycan ərazisindəki bütün hərbi birləşmələrini çıxarmalıdır. 10 noyabr anlaşmasının 4-cü bəndində bu açıq şəkildə göstərilib. Ancaq müharibənin bitməsindən bir il yarım keçməsinə baxmayaraq, erməni tərəfi həmin bəndin icrasını həyata keçirməyib. Üstəlik, həyasızcasına bəyan edirlər ki, Qarabağda onların qoşunları yoxdur.
Ancaq iyunun 28-də Ermənistan Silahlı Qüvvələrinin və Baş Qərargahın şəxsi heyətin idarə edilməsi baş idarəsinin rəis müavini, polkovnik Saak Saakyan bəyan etdi ki, avqustun 30-dan etibarən Qarabağda Ermənistan ordusunun çağırışçı kimi xidmət edən bir əsgəri belə qalmayacaq: “İndiyə qədər Ermənistanda məcburi hərbi xidmətə çağırılmış əsgərlər püşkatma yolu ilə Qarabağda xidmətə yola salınırdı. Artıq Qarabağın adı həmin püşkatma siyahısından çıxarılıb. Hərbi siyasi rəhbərlik qərara gəlib ki, bundan sonra Qarabağda yalnız xidməti müqaviləli hərbçilər xidmət edə bilər. Yəni müddətdən artıq xidmət etmək istəyənlər. Son çağrışçımız 2020-ci ilin yayında Qarabağa göndərilib. Onların da müddəti bu il iyulun 1-dən avqustun 30-na kimi tamam olur. Bu il avqustun 30-dan etibarən Qarabağda Ermənistan ordusunun çağırışçı kimi xidmət edən bir əsgəri belə qalmayacaq”.
Saakyan onu da deyib ki, 1 sentyabrdan etibarən Qarabağdakı “müdafiə ordusu” hərbi kontingentini və say tərkibini öz imkanları hesabına təmin etmək məcburiyyətindədir.
Bununla Ermənistan rəsmi olaraq indiyə qədər həm Qarabağa qanunsuz olaraq əsgər göndərdiyini etiraf etdi, həm də bu prosesi dayandırdı. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Bütün bunlar bir daha onu göstərir ki, rəsmi İrəvan üçün hansısa saziş hüquqi əhəmiyyət kəsb etmir”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Ermənistan Müdafiə Nazirliyinin məlum açıqlaması bir sıra məqamlardan xəbər verir: “Əvvəllər erməni tərəfi israrla bəyan edirdi ki, Qarabağda Ermənistan ordusunun birləşmələri yoxdur. Həmçinin qeyd edirdilər ki, əraziləri guya Qarabağdakı etnik ermənilər öz imkanları hesabına ələ keçiriblər. Ancaq bunun absurd olduğu hamıya bəlli idi. Ona görə ki, bir ovuc separatçı nə həmin əraziləri işğal edə bilərdi, nə də 30 ilə yaxın işğal altında saxlaya bilərdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan ərazilərini Ermənistan ordusu işğal edib. Eyni zamanda, işğal dövründə güclü müdafiə-istehkam qurğuları qurmuşdu. Məsələnin heyrət doğuran tərəfi odur ki, 44 günlük Vətən müharibəsindən sonra da Qarabağda Ermənistan qoşunları qalmaqdadır. Düz 4 aydan sonra 10 noyabr razılaşmasının 2 ili tamam tamam olur. Ərazilərimizin böyük hissəsi işğaldan azad edilib, Qarabağa Rusiya sülhməramlıları yerləşib. Mütəmadi silahlı insidentlər yaşanmır. Belə olan halda nə əsasla hələ də Qarabağda Ermənistan əsgərləri qalmaqdadır? Bütün bunlar bir daha onu göstərir ki, rəsmi İrəvan üçün hansısa saziş hüquqi əhəmiyyət kəsb etmir. Kəsb etsəydi, 10 noyabr razılaşmasının 4-cü bəndi icra olunardı. Onlar yalnız güclə hesablaşırlar. Tam əminliklə deyirəm ki, Vətən müharibəsində qələbəmiz olmasaydı Ermənistan ümumiyyətlə sillahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq fikrində olmazdı”.
O baxımdan partiya funksioneri hesab edir ki, Ermənistana siyasi-hərbi təzyiqlər artırılmalıdır.
Vidadi ORDAHALLI