Ukrayna müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov yerli televiziyaya müsahibəsində bildirib ki, tezliklə ölkəsi 1991-ci ildə olan sərhədlərinə qayıdacaq: “Avqust ayından başlayaraq elə hadisələr başlayacaq ki, müharibədə dönüş anı olacaq”.
Qeyd edək ki, Budanov bundan əvvəl də verdiyi müsahibələrində bildirib ki, yalnız avqust ayında Ukraynaya Qərb ölkələrindən kifayət qədər silah daxil olacaq və Ukrayna hərbçiləri onlar üçün yeni olan texnikanı mənimsəyəcək:
"Birinci mərhələ silahların ölkəyə daxil olmasıdır, ikinci mərhələ bu silahların mənimsənilməsidir və yalnız üçüncü mərhələ onun istifadə edilməsidir. Ona görə də, təəssüf ki, avqustadək qoşunlar üçün kifayət qədər zəruri silah olmayacaq. Avqust ayından isə bu silahlar hərbi hissələrdə olacaq və döyüş əməliyyatlarında fəal surətdə istifadə ediləcək".
Budanov avqustda gözlənilən dönüşdən sonra yaşayış məntəqələri uğrunda döyüşlərin "aktiv fazası"nın başlanmasına və 2022- ci ilin sonunadək bitməsinə ümid edir".
Ukrayna hərbi kəşfiyyatının avqusta dönüş anı ilə bağlı verdiyi priqnozu nə dərəcədə əsaslı saymaq olar?
Ramil Məmmədli: “Deyilən zamanda müharibədə sərt dönüşün olacağını gözləmək yersizdir”
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müharibənin gedişində belə açıqlamaları biz Ukrayna rəsmilərinin dilindən çox eşitmişik: “Bundan əvvəl Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak demişdi ki, yaxın vaxtlarda kifayət qədər silah alacaqlar. Sitat: “Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün ayrıca əks-hücumlarımız var. Ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Silahlı qüvvələr, nəhayət, Rusiya Federasiyasına “ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”.
Bu müddət ərzində heç nə baş vermədi, əksinə, Rusiya ordusu daha da irəlilədi. Sizcə, hansı kəşfiyyat öz planı ilə bağlı dəqiq tarix açıqlayar? Deməli, belə qənaətə gələ bilərik ki, bunu daxili auditoriya üçün edirlər. Eyni zamanda Rusiyaya psixoloji zərbə kimi nəzərdən keçirirlər.
Söhbət son tarixlərdən gedirsə, mən burada mənim üçün səlahiyyətli olan iki hərbçinin mövqeyini nəzərdə tuturam. Bir tərəfdən bu, Baş Kəşfiyyat İdarəsinin rəisi general Budanovdur. O deyir ki, Ukrayna ordusunun rus ordusunu torpaqlarımızdan sıxışdırıb çıxarmaq üçün əks-hücum əməliyyatları keçirməsi ilə bağlı aktiv hərəkətləri bu ilin avqustunda baş verə bilər. Digər tərəfdən, ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodcesin açıqlaması. Onun sözlərinə görə, Qərb tərəfdaşlarımızdan sistemli şəkildə, əmtəə həcmində hərbi-texniki yardımın çatdırılması davam edərsə, avqusta qədər cəbhədə vəziyyət kəskin şəkildə dəyişəcək. Deməli, Budanov ABŞ-dan verilən tezisi təkrarlayır. Bu məlumat geç bir ciddi dəlilə əsaslanmır. Bu baxımdan da, deyilən zamanda müharibıdə sərt dönüşün olacağını gözləmək tam yersizdir. Əksinə, Ukraynanın müttəfiqləri müharibəni maksimum uzatmaqla, Rusiyanı daha da zəiflətmək niyyəti güdürlər”.
Məhəmmədəli QƏRİBLİ