“Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək”. Bunu Prezident İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək: “Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq. Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür - həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək.”
Ermənistanla sərhəddə, əlverişli mövqelərdə yeni hərbi hissələrin yaradılmasının nə kimi əhəmiyyəti var?
“Ərazinin dağlıq və meşəlik olmasından düşmən öz xeyrinə istifadə edə bilməyəcək”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistanla sərhəddə yeni hərbi hissələrin yaradılmasının çoxşaxəli əhəmiyyəti var: “Əvvəla, Kəlbəcər çox strateji əhəmiyyətə malik bir rayondur. Kəlbəcər Azərbaycanın dəniz səviyyəsindən ən hündür dağ rayonudur. Rayonda çoxsaylı hündür və strateji əhəmiyyətli yüksəkliklər var. Bütün bunlar zamanında düzgün dəyərləndirilsəydi, 1993-cü ilin aprelində Kəlbəcər işğal olunmazdı. Göygöldən başlayaraq Murov dağının altından rayona 12 kilometrlik tunel çəkilir. Həmin tunel 2024-cü ildə istifadəyə verildikdən sonra Kəlbəcərə gediş-gəlişlə yanaşı, təchizat da əhəmiyyətli dərəcədə rahat olacaq. Məsafə xeyli qısalacaq. Nəzərə almaq lazımdır ki, qış fəslində Murov yolu ilə gediş-gəliş çox çətin olur. Kəlbəcərdə yeni hərbi hissələrin olması o deməkdir ki, Ermənistandan ola biləcək potensial təhdidlərin qarşısına sədd çəkilir. Bənzər hərbi hissələr, Kəlbəcərlə yanaşı, Laçında da olacaq. Bütün sərhəd boyu güclü, etibarlı müdafiə xətti yaradılacaq. Strateji yüksəkliklərin bizdə olması bu baxımdan unikal əhəmiyyət kəsb edir. Dağlıq ərazidə müdafiənin təmin olunmasında komando hərbi hissələri hərbi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Yəni ərazinin dağlıq və meşəlik olmasından düşmən öz xeyrinə istifadə edə bilməyəcək. Ona görə ki, müasir ordu birləşmələrinin əlverişli mövqelərdə tərtiblənməsi onlara bu imkanı verməyəcək. O üzdən, strateji nöqteyi-nəzərdən bütün bunların bizim üçün çox böyük əhəmiyyəti var”.
Bir sözlə, hərbi ekspert Ermənistanla sərhəddə yeni hərbi hissələrin yaradılmasının önəmli əhəmiyyət kəsb etdiyi qənaətindədir.
Vidadi ORDAHALLI