Paşinyanın “status və həmsədrlər pozuculuğuna” Almaniya səfiri də şərik çıxdı...

Əli Mustafayev: “Əfsuslar olsun ki, rəsmi Berlin İrəvana xoş görünmək yolunu tutub”

img

Baş nazir Nikol Paşinyan Almaniyanın Ermənistandakı səfiri Viktor Rixterlə görüşüb. Görüşdə tərəflər bir sıra məsələləri müzakirə edib. Paşinyan görüşdə yenə status barədə sərsəmləyib: “Dağlıq Qarabağın statusu məsələsi hələ də həll olunmamış qalır və bu problem ATƏT-in Minsk Qrupunun həmsədrliyinin beynəlxalq səviyyədə tanınmış formatı çərçivəsində həll edilməlidir”.

Öz növbəsində Viktor Rixter Almaniya hökumətinin regionda sülhün bərqərar olmasına və Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həllinə dəstəyini ifadə edib.

Paşinyanın qərəzli olduğunu anladıq. Çünki erməni tərəfi bütün vasitələrlə çalışır ki, Minsk Qrupunu yenidən diriltsin. Məsələnin təəccüblü olan tərəfi Almaniyanın da Minsk Qrupuna önəm verməsidir. Ona görə ki, prinsipcə, Almaniya Avropa İttifaqı egidası altında keçirilən danışıqlara önəm verməlidir. O halda Almaniya Avropa İttifaqının aparıcı üzvü ola-ola nədən Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlara yox, Minsk Qrupuna önəm verir?

  • “Ermənistan sülh sazişi prosesini uzatmaqdan ötrü Minsk Qrupundan bir bəhanə kimi istifadə edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri Əli Mustafayev Almaniyanın Minsk Qrupu ilə bağlı mənasız mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla bağlıdır ki, Almaniya indiki dünya düzəninə çox da müdaxilə edə bilmir. Çünki İkinci Dünya müharibəsindən sonra yaranan dünya düzəni siyasi baxımdan Almaniyanın təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Baxmayaraq ki, Almaniya iqtisadi baxımdan böyük güc mərkəzidir. Son dövrlə baş verənlər dünyada yeni düzənin qurulmasından xəbər verir. Çünki İkinci Dünya müharibəsindən sonra yaranan düzən işləmir. Dünyada sabitlik pozulub. Dünyanın bölünməsi ilə bağlı əvvəlki razılaşmalar işləmir. Yenidən dünyanı dizayn etmək təşəbbüsləri var. O üzdən, sanki Almaniya da axtarışdadır. İstəyir ki, siyasi baxımdan Almaniyanın rolu böyük olsun. Minsk Qrupunun ömrünü başa vurmuş format olduğunu Almaniya da yaxşı bilir. Çünki ABŞ və Fransanın hazırkı şəraitdə Rusiya ilə bir yerdə olması mümkün deyil. Sadəcə, Almaniya Ermənistana xoş görünmək üçün belə bir formal mövqe sərgiləyir. Yaxud da, ola bilsin bu, Ermənistanın mövqeyini dəstəkləməyə hesablanmış mövqedir. Əslində isə, Almaniya Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləsəydi, bu daha məntiqli görünərdi. Əfsuslar olsuun ki, rəsmi Berlin İrəvana xoş görünmək yolunu tutub. Bu isə tamamilə mənasız və məntiqsiz bir yanaşmadır. Həmsədr ölkə olan Rusiyanın xarici işlər naziri Lavrov bəyan edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. Almaniya isə praktiki olaraq ölü bir qurumu diriltməyə can atır. Ermənistan sülh sazişi prosesini uzatmaqdan ötrü Minsk Qrupundan bir bəhanə kimi istifadə edir. Ümid edirlər ki, nə vaxtsa vəziyyət onların xeyrinə dəyişə bilər. Bunun üçünsə maksimum prosesi uzatmaq lazımdır. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında 2 vasitəçi var - Rusiya və Avropa İttifaqı. Belə olan halda Minsk Qrupundan danışmaq boş danışıqdan başqa bir şey deyil”.

Bu baxımdan Əli Mustafayev hesab edir ki, Almaniyanın məlum mövqeyi əhəmiyyətsiz bir şeydir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər