Əliyev Naxçıvana yolun hələ açılmamasını Lavrovla bir daha müzakirə etdi...

Ramil Hüseynov: “Məlum oldu ki, dəhliz məsələsində Azərbaycan geri çəkilmək niyyətində deyil”

img

Ümid edirik ki, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvana maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək olar: “Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik”.

Görünən odur ki, ölkə başçısı bir daha Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsini Rusiya tərəfinin diqqətinə çatdırdı. Bu həm də o deməkdir ki, 10 noyabr razılaşmasını imzalayan tərəflərdən biri olan Rusiya da buna görə məsuliyyət daşıyır.

  • “Bəyannamənin Lavrova xatırladılması o deməkdir ki, bununla bağlı Rusiya da üzərinə düşən işi görməlidir”

Məsələyə münasibət buldirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynovun fikrincə, prezident bir daha aydın şəkildə Azərbaycanın mövqeyini ortaya qoydu: “Məlum oldu ki, dəhliz məsələsində Azərbaycan geri çəkilmək niyyətində deyil. Azərbaycan öz öhdəliklərinə əməl edirsə, o zaman Ermənistan da bu istiqamətdə analoji addımlar atılmalıdır. Bu o deməkdir ki, Ermənistan Naxçıvan Muxtar Respublikasının blokadasına son qoymalıdır. Bunun yolu isə İrəvanın Zəngəzur dəhlizinə razılıq verməsindən keçir. 2020-ci il 10 noyabr Bəyannaməsinin Lavrova xatırlanması o deməkdir ki, bununla bağlı Rusiya da üzərinə düşən işi görməlidir. Yəni Kreml bununla bağlı Ermənistana təzyiq etməlidir. O mənada ki, prosesi sonsuza qədər uzatmaq olmaz. Naxçıvanla Ermənistan üzərindən quru əlaqəsi təmin edilməyəcəksə, o zaman Laçından keçən yol bağlanacaq. Üçtərəfli razılaşmaya imza atan Rusiya da buna görə məsuliyyət daşıyır. Yəni bu yöndə nəticəsiz danışıqlar sonsuza qədər davam edə bilməz”.

Bu baxımdan partiya sədri hesab edir ki, Moskva Ermənistana təzyiqləri artırmalıdır.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər