“Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq”. Bunu Prezident İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
“Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”, - deyə dövlət başçısı qeyd edib.
Ermənistan indiyə qədər Azərbaycanın təklifinə niyə müsbət cavab verməyib? Bu bəyanatdan sonra hansısa bir tərpəniş göstərə bilərmi? Bu mesaj Ermənistanı hərəkətə gətirəcəkmi? Bütövlükdə, Rusiya Əliyevin bu bəyanatından sonra erməniləri saziş danışığına məcbur edəcəkmi?
“Xarici dövlətlər və beynəlxalq qurumlar da Ermənistanı bu məsələyə məcbur etməlidir ki...”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhidə bildirdi ki, Ermənistanın bugünə qədər Azərbaycanın bu təkliflərinə cavab verməməsinin müxtəlif səbəbləri var. “Hesab edirəm ki, Ermənistanın bugünə kimi bu sahədə addım atmamasının bir neçə səbəbi var. O səbəblərin bir qismi daxildən qaynaqlanır. Yəni bu gün daxildə Paşinyana müəyyən təzyiqlər var. Revanşist qüvvələr, köhnə rejimin qalıqları çalışırlar ki, Paşinyana təzyiq etsinlər və Azərbaycanla sülh müqaviləsi imzalanmasına mane olsunlar. Eyni zamanda biz bunu xarici faktorlarla da əlaqələndirə bilərik. Yəni Ermənistan tam müstəqil deyil. Ona görə də burada xarici dövlətlərin təsirləri var. İnanmaq istəyirəm ki, bu səfərdən sonra Ermənistan da bu prosesə başlayacaq, Ermənistanla Azərbaycan bir yerdə irəliyə doğru hərəkət edəcək”.
C.Məmmədovun fikrincə, həmçinin xarici dövlətlər, beynəlxalq qurumlar da bu məsələdə seyrçi mövqeyində dayanmalı deyil: “Xarici dövlətlər və beynəlxalq qurumlar da Ermənistanı bu məsələyə məcbur etməlidir ki, biz qarşımıza qoyduğumuz məqsəd və hədəflərə nail olaq. Rusiyaya gəlincə, hesab edirəm ki, bəli, Rusiya Ermənistanı buna məcbur edəcək”.
İradə SARIYEVA