Həbsdə olan dini fəal Taleh Bağırzadənin aclıq aksiyasi keçirməsinə ən böyük dəstək İrandan verildi. Həmin ölkədəki dini fəallar Azərbaycana yönəlik təxribatlarını artırıblar. Artıq Taleh Bağırzadə aksiyanı dayandırdığını bəyan edib. Buna baxmayaraq, İranın sosial mediadakı qaragüruh şəbəkəsi öz təxribatçı fəaliyyətini davam etdirir.
İran şəbəkəsinin müxtəlif üzvləri Azərbaycanda “dini dövlət”in yaranmasına çağırışlar edirlər, ölkəmizin əleyhinə təxribat xarakterli mesajlar verirlər. İndiki halda belə bir fəallıq nədən qaynaqlanır, məqsəd nə ola bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bu fəallığa səbəb olaraq uydurma bir hadisə göstərilir: “Guya Azərbaycanda kimlərinsə “Allahı təhqir” etməsini əsas götürərək, burada şəriət dövlətinin qurulmasından danışırlar. Bu, gülünc və heç bir məntiqə sığmayan iddiadır. Azərbaycan dünyəvi dövlət quruluşunu seçib və dünya tərəfindən də belə qəbul edilib. İran özünün “islam inqilabı”nı ixrac etmək üçün başqa yerlər axtarsa, daha yaxşı olar. Üstəgəl, bu gün İranın özünün ictimai quruluşu, qurduğu dini dövlət dünyanın əksər ölkələri üçün təhdid mənbəyi hesab olunur. Belə bir quruluşun heç də dünyaya sabitlik gətirmədiyini, islam inqilabının ixracı adı altında dövlətlər arasında nifaq saldığını və qarşıdurma yaratdığını görürük. Bu gün İranın ABŞ-la qarşıdurmada olması və ona qarşı sanksiyaların tətbiq edilməsi təkcə Tehranın nüvə silahı əldə etmək istəyi ilə bağlı deyil. Eyni zamanda, İrandakı dini rejimin xarakteri ABŞ, Qərb və bölgə dövlətlərini narahat edir. XXI əsrdə belə bir radikal dini rejimin mövcud olması və öz təhlükəli xarakterini konstitusiyada təsbit etməsi dünyada ciddi təpkilər yaradır”.
Politoloq hesab edir ki, İranın Azərbaycana yönəlik uydurma və həqiqətə heç bir halda uyğun gəlməyən iddiaları özünə tərəfdar toplaya bilmir: “Çünki Azərbaycan cəmiyyəti həmin model dövləti istəmir. Biz dünyəvilik yolunu seçmişik. Yaxşı olar ki, İranın ölkəmizdəki agentura şəbəkəsi də bir az əndazəni aşmasın. İranın öz daxilində də həmin rejimə qarşı müxalifət və etirazlar var. Bu dini rejimin siyasi səhnədən getməsi üçün daxildə də fəaliyyət gedir. Yaxşı olardı ki, İran öz problemləri ilə məşğul olsun. İranın nəzarətində olan sosial şəbəkə resursları ilə bağlı da lazımi addımlar atılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ