Laçından yan keçən yeni yolun strateji önəmi...

Azad İsazadə: “Başlıca strateji əhəmiyyəti ondan ibarətdir ki, yeni çəkilən yol Laçın şəhərindən aralı keçir”

img

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Artıq yolun asfaltlanmasına başlanılıb.

Məsələ ondadır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmlidir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bütün bunlarla yanaşı, Laçın şəhərindən yan keçən yeni yolun strateji əhəmiyyəti nədən ibarətdir? Ekspertlərin bununla bağlı dəyərləndirmələri necədir?

  • “...nəzarət imkanları daha üstün səviyyədə olacaq”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Başlıca strateji əhəmiyyəti ondan ibarətdir ki, yeni çəkilən yol Laçın şəhərindən aralı keçir. Bu isə imkan verəcək ki, şəhərə və ona yaxın kəndlərə tam nəzarət edək. Yeni yol fəaliyyətə başlayandan sonra Laçın şəhərinə maneəsiz daxil olacağıq. Sülhməramlıların nəzarət məntəqəsindən keçməyəcəyik. Digər strateji əhəmiyyəti ondan ibarətdir ki, yeni çəkilən yol Laçının kəndlərindən keçməyəcək. Hansı ki, əvvəlki yol həm Laçın şəhərindən, həm də rayonun bir sıra kəndlərindən keçirdi. Başqa bir tərəfdən, yeni yola nəzarət imkanları daha üstün səviyyədə olacaq. Çox güman ki, yolda Azərbaycanın sərhəd, gömrük nəzarət məntəqələri də olacaq. Çünki Ermənistan Zəngəzur dəhlizinə razılıq verməsə, o zaman ermənilər Laçından Qarabağa maneəsiz gedib-gəlmək şansını itirəcəklər. Ancaq biz nəzərə almalıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasa, o yolda ermənilər müxtəlif təxribatlar törədə bilər. Sülhməramlıların müddəti başa çatana qədər sözügedən yola necə nəzarət edəcəkləri də önəmli məsələlərdən biridir. Ermənilər həmin yoldan Qarabağa silah da daşıya bilərlər. Çünki biz əvvəlki yola nəzarət etmirik. Bu baxımdan hesab edirəm ki, əvvəl-axır Laçından keçən yeni yola Azərbaycanın nəzarəti təmin edilməlidir. Fikrimcə, bütün bunların hamısı gələcək danışıqların mövzusudur. Azərbaycan maraqlıdır ki, yeni yolda gömrük və sərhəd nəzarəti olsun”.

Hərbi ekspert hesab edir ki, qarşıdakı dövrdə bu və digər məsələlərə aydınlıq gətiriləcək.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər