Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyi açıqlanıb. Rəydə qanun layəsi sərt tənqid edilir.
“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effektə” malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir”, - Venesiya Komissiyasının açıqladığı sənəddə bildirilir.
Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib.
Komissiya “Media Haqqında” qanunla bağlı təcili olaraq Azərbaycan hakimiyyətini bəzi addımlar atmağa çağırır. Məsələn, qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlərin ləğv edilməsi istənilir. Eyni zamanda Media Reyestrinin ləğv edilməsi və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlərin ləğv olunması istənilir.
Maraqlıdır, dünyanın əksər ölkələrində Media Reyestri olduğu halda, niyə Azərbsycanda bunun ləğvi tələb olunur?
Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Media Agentliyi bununla bağlı mövqeyini açıqlayıb: “İrad bildirilən bütün məsələrə bənd-bənd aydınlıq gətirib. Mən də, MEDİA-nın mövqeyi ilə razılaşıram. Ümumi şəkildə götürəndə, Venesiya Komissiyasının mövqeyində anlaşılmaz hissələr çoxdur. Məsələn, Media Reyestrinə irad bildirirlər. Bu məsələ qanunda çox açıq şəkildə və demokratik ruhda təsbit olunub. Onsuz da indiyə qədər də bütün KİV-lərin uçotu aparılırdı. Reyestr deyəndə burada hansısa çətin baryerdən söhbət getmir. Çap və onlayn medianın qeydiyyatı aparılacaq. Televiziya və radionun lisenziya əsasında fəaliyyət göstərməsi isə dünyanın hər yerində var. Əvvəllər Azərbaycanda bu uçotları ayrı-ayrı təşkilatlar keçirirdi, indi isə bunu bir qurum aparacaq. Qanunvericilikdə göstərilib ki, bu istiqamətdə hər hansı baryerlər nəzərdə tutulmur. Çox yaxşıdır ki, biz vahid Reyestrin köməyi ilə cəmiyyətdəki bütün KİV-lər barədə ətraflı bilgilərə sahib olacağıq. Dünyanın bir çox ölkələrində bunun bənzəri var. Mahiyyət etibarı ilə bu, statistik baza rolunu oynayacaq. Düzü, Venesiya Komissiyasının bu narahatlığı mənə anlaşılmaz görünür. Deyirlər ki, qanunun müzakirəsi məhdud çevrədə aparılıb. Hansı məhdudiyyətdən söhbət gedə bilər? Azərbaycanın media ictimaiyyəti bu müzakirədə geniş şəkildə iştirak edib. Hesab edirəm ki, Venesiya Komissiyası Azərbaycanın əlaqadər strukturları ilə bu yöndə olan təmasları davam etdirməlidir. Belə olacağı halda, bu yöndə olan anlaşılmazlıqlar aradan qaldırılacaq. Burada dramatik nəsə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ