ABŞ-ın Ermənistandakı səfirliyi bütün maraqlı təşkilatların iştirak edə biləcəyi ictimai diplomatiya üzrə açıq təkliflər çağırışı elan edib.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Məlumata görə, bu təşəbbüsün məqsədi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə xalqları arasında sülh üçün lazımi şəraiti təmin etməkdir. Təklif olunan proqramlarda tədqiqat, təhsil, məlumatlılığın və inamın artırılması təşəbbüslərinə diqqət yetirilir.
Layihənin məqsədləri:
- Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərində xalq diplomatiyasına rəhbərlik edən şəxslər şəbəkəsinin möhkəm təməlini təmin etmək və genişləndirmək;
- Münaqişədən sonrakı dövrdə mövcud mənzərəni və potensialı daha çox öyrənib və daha yaxşı təqdim etmək, Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərinə dair ictimai təsəvvürlərin dəyişməsinə töhfə vermək;
- Münaqişədən sonrakı dövrdə mövcud mənzərəni və mövcud potensialı daha çox öyrənib və daha yaxşı təqdim etmək;
- Ermənistan və Azərbaycan, Ermənistan və Türkiyə məsələlərinə dair ictimai təsəvvürlərin dəyişməsinə töhfə vermək;
- Regionda sülhü təşviq etmək üçün yeni modellərin potensialını nəzərdən keçirmək;
- Tolerantlığın və qarşılıqlı anlaşmanın getdikcə daha çox cərəyan etdiyi, xalqlar səviyyəsində təmasların həyata keçirildiyi, hər bir icmada cəmiyyətin getdikcə daha geniş təbəqəsinin təhsilinə və cəlb olunmasına imkan verən qeyri-rəsmi şəbəkələrin və mexanizmlərin mövcud olduğu mühitin formalaşmasını stimullaşdırmaq.
Səfirlik 5 layihə olmaqla ümumilikdə bu il üçün 400 min dollar ayırıb.
Maraqlıdır bu vəsait niyə hər iki tərəf üçün deyil, məhz Ermənistana ayrılır? Bunun özü Ermənistan cəmiyyətində bizə və Türkiyəyə nifrətin daha çox olduğunun sübutu sayıla bilərmi?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında biıdirdi ki, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşması və xalqlarımız arasındakı etimadın güclənməsi istiqamətində atılan bütün addımları təqdir etməliyik: “Xüsusilə də ABŞ kimi böyük ölkələrin bu cür təşəbbüsü çox yaxşıdır. Azərbaycanın Cənubi Qafqazda görmək istədiyi sülhlə bağlı addımları biz ürəkdən alqışlayırıq. Lakin ABŞ-ın Ermənistandakı səfirliyinin ayırdığı vəsaitin birtərəfli olması təəssüf doğurur. Bu pulun donoru ABŞ höküməti sayılırsa, neytrallıq mütləq qorunmalıdır. Təəssüf ki, biz yenə ikili standartlarıla yanaşmanın şahidi oluruq. Bu mövqe olduqca məyusluq yaradır. Azərbaycan bu cür hallarla 30 ildir rastlaşır. Buna görə ciddi zərbələr almışıq. Əgər vəsait ayrılırsa, hər iki tərəfə verilməlidir. Azərbaycan dəfələrlə bildirib ki, biz heç bir ölkənin ianələrinə möhtac deyilik. Biz onsuz da Ermənistana sülh əlimizi uzadırıq. Bunu qəbul etməyən onlardı. Bu yanaşmadan bir daha görünür ki, Ermənistanda bizə və Türkiyəyə ciddi nifrət var. ABŞ öz ianəsi ilə bunu bir daha sübut edir ki, Ermənistanla bu istiqamətdə iş aparmağa ehtiyac var. Görək bir nəticəsi olurmu, yoxsa bu vəsait də korrupsiyanın qurbanı olaraq mənimsəniləcək?”
Məhəmmədəli QƏRİBLİ