Azərbaycanda dövlət səviyyəsində məscidlərin, dini məbədlərin inşasına və bərpasına xüsusi diqqət yetirilir. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə bu sahəyə qayğı siyasətinin əsası qoyulub. Sonra isə bu siyasəti Prezident İlham Əliyev davam etdirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə ölkəmizdə yeni məscidlər inşa edilib, bu gün də inşasını davam etdirən məscidlər var.
Məscidlərlə yanaşı eyni zamanda ölkəmizdə xristian məbədləri də əsaslı şəkildə bərpa edilərək ölkə xristianlarının ixtiyarına verilir. Tolerant və multikultural bir ölkə olan Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələrinə böyük qayğı ilə yanaşılır. Son illər Azərbaycanda məscidlər, kilsələr, sinaqolar inşa və bərpa olunur.
2003-cü ildən bu yana ölkəmizdə onlarla dini məbəd, məscid əsaslı şəkildə bərpa edilib. Əlbəttə, heç bir dinin təmsilçisinə ayrıseçkilik edilmədən dövlət səviyyəsində bu işlər görülüb. Məlum məsələdir ki, bu prosesdə dövlətlə yanaşı Heydər Əliyev Fondu da xüsusi aktivlik göstərib və deyərdik ki, bu sahədə misilsiz işlər görüb. Ötən dövr ərzində ölkəmizdə saysız məscid bərpa edilib. Bibiheybət, Təzəpir, Şamaxı Cümə Məscidi, Əjdər bəy Məscidi, Gəncədəki İmamzadə Məscidi, Naxçıvandakı məscidlər əsaslı şəkildə bərpa edilib. Bu gün Qarabağdakı məscidlər və xristian dini məbədləri əsaslı şəkildə yenidən bərpa olunur. Əlbəttə, bu dini ocaqlar yüksək səvyyədə bərpa olunur.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Təzə Pir Məscidi dövlət hesabına təmir edilib. 2006-2009-cu illərdə bərpa edilən və 1905-1914-cü illərdə Nabat Aşurbəyovanın sifarişi ilə Zivər bəy Əhmədbəyovun tikdiyi Təzə Pir Məscidi təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Həmçinin Gəncədə İmamzadə kompleksinin də təmiri dövlət hesabına aparılıb. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılıb və kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulub. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənib.
1370-ci ildə Şamaxı şəhərində inşa olunan üç mehrablı Cümə məscidi də dövlət tərəfindən bərpa olunub. Məscidin restavrasiyası Prezident İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılıb. Hacı Cavad Məscidinin yeni binası da dövlət vəsaiti hesabına inşa olunub. Prezident İlham Əliyevin tapşırığına əsasən, Yasamal rayonu ərazisində yerləşən Hacı Cavad məscidi yenidən tikilib və fəaliyyət göstərir.
Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpası da dövlət hesabına həyata keçirilib. Belə ki, Prezident İlham Əliyevin 25 may 2010-cu il tarixdə Bakı şəhərində yerləşən Əjdərbəy məscidinin bərpasi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Əjdərbəy məscidində bərpa işlərinin tamamlanması üçün Bakı şəhər İcra Hakimiyyətinə vəsait ayrılsın. Dövlət vəsaitləri hesabına aparılan və 2007-ci ilin aprel ayından başlayıb və gerçəkləşdirilib.
Bibiheybət Məscidi də dövlət hesabına əsaslı bərpa edilən dini ocaqlardan biridir. Məscidin yeni kompleksi tikilib. 14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutub. Mərasimdə Prezident İlham Əliyev, QMİ sədri Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu, Dağ Yəhudiləri İcmasının o zamankı sədri, Bakıdakı Roma katolik kilsəsinin keçmiş başçısı Yan Çapla iştirak edib.
2012- 2014-cü illəri arasında dövlət hesabına tikilən Heydər məscidi də son dövrlər inşa olunan dini ocaqdır. Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilib.
Keçən il Şuşada məscidin əsası qoyulub, Zəngilanda, Suqovuşanda və başqa yerlərdə də yeni məscidlər inşa olunur, erməni vandalizmi nəticəsində dağılanlar isə yenidən bərpa olunur.
Vurğuladığımız kimi, ölkədə xristian məbədləri də əsaslı şəkildə təmir-bərpa edilir. Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsələri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Məlum olduğu kimi tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. “Cotari“ Udi-Alban Məbədi 2002-ci ildə, Müqəddəs Məryəm Ana Alban Kilsəsi 2020-ci ildə əsaslı təmir və bərpa olunan udilərin istifadəsinə verilib. Hazırda tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5 pir mövcuddur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra inşa olunan sinaqoqlar sırasında Aşkenazi yəhudilərinin sinaqoqu da, Dağ yəhudiləri sinaqoqu və başqa sinaqoqlar da var.
Bütövlükdə, Azərbaycanda dövlət səviyyəsində dini məbədlərin, dini ocaqların, məscidlərin bərpasına, inşasına böyük diqqət və qayğı göstərilir. Bu proses bu gün olduğu kimi sabah da davam edəcək.
İradə SARIYEVA