Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə dünyaya inteqrasiya olunduğumuz zamanda çox böyük heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır.
Cənab Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və digər işlər qədim və zəngin mədəni irsə olan diqqətin bariz nümunəsidir. Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı ölkə başçısının, cənab İlham Əliyevin imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən dəyərin, qiymətin təzahürüdür.
Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirilib
Bütün bunlarla yanaşı, Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğini işğaldan azad edilən rayonlarda keçirdiyi beynəlxalq səviyyəli tədbirlərin köməyi ilə də edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı Ali Baş Komandan İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı. Mühüm siyasi və tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir. 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi, həmçinin Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bütün dünyaya verilən mesaj, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsidir.
Artıq Qarabağın incisi olan Şuşada və digər ərazilərdə böyük quruculuq işləri aparılır, yerli və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Vətən müharibəsinin başa çatmasından dərhal sonra Prezident İlham Əliyevin Qarabağın bölgələrinə, xüsusən də Şuşaya dəfələrlə səfər etməsi, oradan səsləndirdiyi bəyanatlar, verdiyi tapşırıqlar və qısa müddətdə gerçəkləşdirilən layihələr bir daha sübut etdi ki, bu şəhər dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsindən ötən dövr ərzində Şuşaya səfər edən hər bir azərbaycanlını bu şəhərdə düşmənin xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irsə qarşı həyata keçirdiyi barbarlığı nə qədər hiddətləndirirsə, qısa müddətdə bu şəhərin başdan-başa quruculuq meydanına çevrilməsi bir o qədər sevindirir.
Bugünlər isə Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçirilib. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində 12-14 may tarixlərində keçirilən festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Bu festivalın özəlliyi ondan ibarətdir ki, bir sıra xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. İlk dəfə 1989-cu ildə keçirilmiş Xarıbülbül Festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra – ötən ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı reallaşdı.
İşğaldan azad edilən rayon və şəhərlərimizdə keçirilən bu tip beynəlxalq tədbirlər müstəsna əhəmiyyətə malikdir
Şuşada keçirilən ən son beynəlxalq tədbirin mahiyyətinə diqqət edək. IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda panel keçirilib.
Forumun moderatoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin olub.
Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Şuşada 2 mindən çox tarixi abidə var və erməni işğalı dövründə həmin abidələrin bir çoxu dağıdılıb. Aydın Kərimov bu abidələrin bir hissəsinin bərpa edilməkdə olunduğunu nəzərə çatdırıb. Şəhərdə aparılan yenidənqurma işlərindən danışan xüsusi nümayəndə qeyd edib ki, Şuşa elektrik enerjisi ilə tam təchiz olunub: “Şəhərin su təchizatının yaxşılaşdırılması, yeni su mənbələrinin tapılması istiqamətində işlər davam edir. Həmçinin şəhərin kanalizasiya sistemləri yenilənir. Şuşada yeni yollar və küçələr salınacaq”.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda azad olunmuş ərazilərin minalardan təmizlənməsi davam edir. Emin Hüseynov azad olunmuş ərazilərdə ötən dövrdə aparılan quruculuq işlərindən danışıb.
Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib. İşğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: "Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq".
İşğaldan azad edilən rayon və şəhərlərimizdə keçirilən bu tip beynəlxalq tədbirlər müstəsna əhəmiyyətə malikdir. Çünki bu cür tədbirlərlə biz Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğini daha əyani şəkildə etmiş oluruq. Bunun da effekti güclüdür.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.