Çeçenistan lideri Ramzan Kadırov KTMT üzvlərinin Ukraynada baş verənlərlə bağlı mövqeyini tənqid edərkən qeyd edib ki, onların susqunluğu başadüşülən deyil: “KTMT-çilər, siz niyə susursunuz? Niyə öz qonşunuz haqda danışmırsınız? Niyə sizin babalarımızı öldürən banderaçılar, nasistlər və faşistlərə qarşı mövqeyiniz yoxdur? Biz ki Banderaya qarşı birlikdə vuruşmuşuq? Ancaq indi, sanki heç nə olmamış kimi, Amerika və Avropa sanksiyalarından qorxaraq hamınız susursunuz”.
O bildirib ki, dövlət varsa, müttəfiq varsa, o mütləq qərarını verməli və addım atmalıdır:
“Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Ermənistan və Azərbaycan arasında müharibəni kim dayandırdı? Rusiya. Ancaq Rusiyaya kömək lazım olanda hamınız susursunuz – sanksiyadan qorxursunuz. Biz döyüşməyi bacarırıq. Biz bu gün, sabah, birigün Luqansk və Donetsk “respublikaları”nda yaxşı nəticələri sizə göstərəcəyik. Və ardı da gələcək. Biz öz dövlətimizi qoruyacağıq – bizim xalq və bu şeytanların narahat etdiyi hər kəs...”
Kadırovun bu sözlərinin Qazaxıstan lideri Qasım Jomart Tokayevin “lxr” və “dxr”in müstəqilliyini tanımayacağını bəyan etməsinə cavab olduğu iddia edilir.
Kadırovun bu iradından KTMT ölkəsi olan Ermənistana hansı pay düşür?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqıamasında bildirdi ki, Kadırovun bu açıqlamasında qeyri-adi nəsə yoxdur: “Bu ilk dəfə deyil ki, KTMT üzvləri olan ölkələr bir-birini müdafiə etmir. İndiyə qədər Rusiyanın hansı hərəkətini KTMT-dəkilər tam dəstəkləyib? Rusiyaya bu sadiqliyi göstərən bir Belarusdu. O da Lukaşenkonun seçkilərdən sonra ölkəsindəki etirazlardan sığortalanmaq üçün məcburən Rusiyaya sığınmasından doğur. Heç Krımın anneksiya məsələsində də KTMT üzvləri Rusiyanı dəstəkləmədi. KTMT-nin daha çox kağız üzərində qurulan və Rusiyanın sırf nəzarətindəki bir qurum olduğu üzə çıxır. NATO-nu KTMT-dən fərqləndirən cəhət budur ki, birinciyə üzv olanlar ABŞ-a sığınır, onun böyüklüyü və gücünü qəbul edir. Biz bunu hazırda NATO-ya üzv olmaq istəyən Skandinaviya ölkələrinin timsalında görürük. KTMT-yə isə ölkələr Rusiyanın basqısından çəkinərək üzv olurlar. Kadırov əslində Kremlin sözünü və xəbərdarlığını üzv ölkələrə çatdırır. Ermənistan isə öz xislətinə uyğun davranır. Kim güclüdürsə, onun yanında durur. Tarixən belə olub, ermənilər yaşadıqları imperiyalara onların ən dar günündə xəyanət ediblər. Biz bunu indi də görürük. Rusiya bir az təklənən kimi Ermənistan bacardığı vasitələrlə ona arxa çevirir. Tokayevin çıxışı bir daha göstərdi ki, artıq KTMT üzvləri belə onun siyasətinə açıq etiraz edir”.
Məhəmmədəli QƏRİBLİ