IX Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bəyan etdi ki, bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib, amma Ermənistan bundan imtina edib:
“Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir - Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir. Bunun səbəbini bilmirəm və buna qaneedici izahat tapa bilmirəm. Bildiyimə görə buna bənzər təşəbbüslər bəzi Avropa təsisatları tərəfindən də irəli sürülüb. Lakin yenə də imtina edilib. Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir?”.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan isə “Armenpress” agentliyinin sorğusuna cavabında bunu həyasızcasına inkar edib. Sözügedən məsələyə münasibət bildirərək iddia edib ki, guya Ermənistan inteqrasiyanın əleyhinə olmayıb: “Biz bu görüşdən imtina etmədik. Üstəlik, Ermənistan tərəfi həmişə belə görüşlərin keçirilməsinin tərəfdarı olub, eyni zamanda onların effektivliyinin təmin edilməsinin vacibliyini qeyd edib”.
Ortada fakt ola-ola Ermənistan rəsmiləri inkaredici mövqedən çıxış edirlər. Maraqlıdır, bunun kökündə nə dayanır?
Məsələyə münasibət bildirən ekspert Azər Həsrət Ermənistanın inteqrasiya ilə bağlı ziddiyətli və çəkingən mövqe sərgiləməsini bu ölkənin müstəqil siyasət yeritmək iqtidarında olmaması ilə əlaqələndirdi: “Əvvəla, bunun bir səbəbi erməni xisləti ilə əlaqədardır. Onlar adamın gözünün içinə baxa-baxa yalan danışarlar, böhtan atarlar. Ümumiyyətlə, istənilən məsələdə hər dəfə fərqli bir şey deyərlər. Bu baxımdan Ermənistan XİN rəsmisi Vahan Hunanyanın həyasız açıqlaması təəccüblü deyil. Cənubi Qafqazda inteqrasiya məsələlərinə gəldikdə həqiqətən də bu işdə Gürcüstanla Azərbaycan arasında fikir ayrılığı yoxdur. Tərəflər dərin inteqrasiyanın tərəfdarıdır. Yəni, həriki dövlətin rəhbərliyi anlayır ki, biz birlikdə əl-ələ verərək yaxın qonşuluq şəraitində daha irəli gedə bilərik. Bunu Ermənistanda da anlayanlar yox deyil. Hətta deyərdim ki, baş nazir Nikol Paşinyan da bunu çox gözəl anlayır. Ancaq problem ondadır ki, Ermənistanın idarəçiliyi öz əlində deyil. Yəni, Ermənistanı idarə edənlər, Azərbaycan və Gürcüstanı idarə edənlər kimi sərbəst və müstəqil deyillər. Ona görə də gündə bir avazla çıxış edirlər. Paşinyan bir söz deyir, o biri başqa söz. Bunun başlıca səbəbi onunla bağlıdır ki, Ermənistan Rusiyadan asılıdır. Kremldən hansı komanda verilirsə, ona uyğun hərəkət edirlər. Ona görə də Cənubi Qafqazda inteqrasiya ilə bağlı Ermənistan konkret addım atmır. Bir tərəfdən deyirlər ki, biz buna qarşı deyilik, o biri tərəfdən isə başqa oyunlar oynayırlar. Bunun da səbəbi bəllidir. Səbəb odur ki, Ermənistanın müstəqilliyi şərtidir. Ermənistanda Prezident İlham Əliyev kimi müstəqil, cəsarətli lider yoxdur”.
Bütün bunlara rəğmən ekspert hesab edir ki, Ermənistan Cənubi Qafqazda inteqrasiya prosesinə qoşilmağa məhkumdur. Əks halda ölkəni fəlakət gözləyir.
Vidadi ORDAHALLI