“Bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər”.
Bunu Prezident İlham Əliyev Bakıda işə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
Ölkə başçısının sözlərinə görə, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun: “Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq”.
Görünən odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir və hər vasitə ilə prosesi uzadır. Ancaq bu o demək deyil ki, Azərbaycan bununla barışacaq.
“Zəngəzur dəhlizinin açılması labüddür və bunun başqa yolu yoxdur”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Ermənistanın Zəngəzur üzərindən Naxçıvana çıxışı ləngitməsi sonsuza qədər davam edə bilməz: “Ona görə ki, ortada 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat var. Ermənistan borcludur ki, götürdüyü öhtdəliklərə əməl etsin. Əks təqdirdə, bu onlara baha başa gələcək. Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi iradlar tamamilə obyektivliyə söykənir. Azərbaycanın bununla bağlı mövqeyi ortadadır. Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyinin dəhlizlərlə bağlı manipulyasiyasına aparıcı dövlətlər, xüsusən də Rusiya öz etirazını bildirmir. Bu ilin martında 2-3 gün qəza səbəbindən Xankəndi qazsız qalanda müəyyən xarici dairələr əl-ayağa düşdülər. Ancaq nədənsə, bir il yarımdan çoxdur ki, Naxçıvana heç bir çıxışın təmin olunmamasına etiraz edən yoxdur. Bu bir daha bizə qarşı ikili standartların olmasını göstərir. Eyni zamanda bu, siyasi riyakarlıqdır. Ancaq ümidvaram ki, imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizi açılacaq. Çünki Zəngəzur dəhlizinin açılması labüddür və bunun başqa yolu yoxdur. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bunu icra etməyə məhkumdur”.
Vüqar Rəhimzadə onu da əlavə etdi ki, bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana münasibətdə öz mövqeyini ortaya qoymalıdır.
Vidadi ORDAHALLI