İran Prezidenti İbrahim Rəisi Ermənistan parlament spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Ermənistan və İran arasında çoxəsrlik dostluğa və sıx tarixi-mədəni əlaqələrə əsaslanan çoxtərəfli əməkdaşlıq müzakirə olunub.
Görüşdə A.Simonyan Rəisiyə Azərbaycandan şikayətlənib: “Azərbaycan nəzarəti altında olan ərazilərdə dövlət səviyyəsində ən qiymətli irsi məhv edir və İran bu məsələdə Azərbaycana nümunə ola bilər”.
İbrahim Rəisi A.Simonyana “çətin günün dostu” olduqlarını çatdırıb. Daha sonra bunları deyib: “Bütün dostlarımız üçün çətin günlərdə dostuq. Sevincli günlərdə hamı hamıya yaxın ola bilər, amma əsl dostluq çətin anlarda özünü göstərir”.
Ermənilərin həyasızlığı öz yerində. Bu baxımdan A.Simonyanın uydurduğu yalanlar təəccüblü deyil. Təəccüblü olan Rəisinin bir sıra məsələləri görməzdən gəlməsidir. Əcaba, İbrahim Rəisi Simonyandan soruşa bilməzimi ki, 30 ilə yaxın işğal altına olan ərazlərdə niyə daşı-daş üstündə qoymadınız? Hansı irsdən danışırsınız ki, məsciddə donuz saxladınız, Qarabağda 67 məsciddən 65-ni məhv etdiniz? İslam dövlətinin başçısı necə bunu görməzdən gələ bilər?
“Rəisinin o fikirləri səsləndirməsi Tehranın dövlət siyasətindən irəli gəlir”
Sözügedən məsələyə aydınlıq gətirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli hesab edir ki, İbrahim Rəisinin erməni vandallığını görməzdən gəlməsi təəccüblü deyil: “Ona görə ki, İran hər zaman Ermənistana dost münasibət sərgiləyib. Rəisinin o fikirləri səsləndirməsi Tehranın dövlət siyasətindən irəli gəlir. Ötən 30 il ərzində İranda 5 dəfə prezident dəyişib. Ancaq o prezidentlərin hər biri ermənipərəst, anti-Azərbaycan, anti-türk mövqeyindən çıxış edib. Ona görə Rəisi də sözügedən mövqedən çıxış edib. Əslində A.Simonyana İran prezidenti tərəfindən veriləcək suallar çox idi. Ən azından yeni seçilmiş prezident olduğuna görə çoxsaylı suallar verə bilərdi. Məsələn, nəyə görə Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində bir nəfər belə müsəlman, türk qalmadı? Nəyə görə müsəlman məzarlıqlarını yerlə-yeksan etdiniz? Nəyə görə İrəvandakı məscidlərimizin hamısını darmadağın etdiniz? Birini İranın xətrinə saxlayıblar. O üzdən, Rəisi gərək bu sualları verəydi. 30 ilə yaxın işğal altında saxladıqları Qarabağda törətdikləri barbarlıqlar, Xocalıda törətdikləri soyqırım, mülki vətəndaşların girov götürülməsi və s. bütün bunların hesabı Ermənistan rəsmisindən soruşulmalıydı. Şəxsən mən İran prezidentinin bununla bağlı suallar verəcəyini gözləmirdim. Ona görə ki, İran Ermənistanın ən yaxın dostlarından biridir. Baxmayaraq ki, Ermənistan terrorçu dövlətdir və Azərbaycan ərazilərini işğal edib. Rusiyanın Ermənistanın dəstəklənməsində rolu nədirsə, İranın da rolu ondan ibarətdir. Fərq ondan ibarətdir ki, Rusiyanın istehsal etdiyi silahları İran istehsal edə bilmir. Ona görə də İrandan Ermənistanın törətdiyi vandallıqlarla bağlı sərt mövqe sərgiləyəcəyini gözləmək yersizdir. Onu da qeyd edim ki, son vaxtlar İsraildə Azərbaycan səfirliyinin açılması zərurəti yenidən gündəmə gəlib. Bundan da ən çox narahat olan İrandır. Ermənistan-İran təmaslarının artması həm də bununla bağlıdır. Hərçənd, illərdir Ermənistanın İsraildə səfirliyi var, amma nədənsə bu, Tehranı narahat etmir. Mövzu Azərbaycan olanda isə narahat olurlar”.
Bir sözlə, partiyanın sədr müavini hesab edir ki, bu kimi məsələlərdə İrandan hansısa ədalətli mövqe gözləmək yersizdir.
Vidadi ORDAHALLI