Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina hadisəsi baş verib.
Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
"2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda deyilir.
Cəbrayıl rayon prokurorluğundan isə bildirilib ki, iyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.