Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum, küləkli gözəl şəhərinizdə yaxşı vaxt keçirdim.
Trend xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
"Səfərim ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə təsadüf edir. ABŞ Azərbaycanın müstəqilliyi dəstəkləyən ilk ölkələr sırasındadır. Dünən Prezident İlham Əliyevlə görüşümüzdə geniş müzakirələr apardıq. Prezident İlham Əliyev Qafqazla bağlı fikirlərini bölüşdü.
Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib", - deyə Karen Donfrid qeyd edib.
Dövlət katibinin köməkçisi deyib ki, vu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində daha da mühüm rol oynayır.
"Biz ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı alqışlayırıq. ABŞ Azərbaycanla çox sıx əməkdaşlıq edir və həmçinin, resursların inkişaf etdirilməsinə kömək edir. Bu gün Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində daha da mühüm rol oynayır", - o deyib.