“Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”. Bunu Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Ölkə başçısı qeyd edib ki, sözügedən dəhliz olmadan sülh barədə danışmaq çətin olacaq: “Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgəyaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”.
Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb. Eyni zamanda qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əminamanlığın bərqərar olmasının təməl sütunudur.
“Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır və dəhlizlə bağlı prosesləri uzatmamalıdır”
Məsələyə münasibət bildirən Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov hesab edir ki, bu, ölkə başçısı tərəfindən Ermənistana ünvanlanan qəti xəbərdarlıqdır: “Bəli, Zəngəzur dəhlizi açılmadan Azərbaycanla Ermənistan arasında hər hansı dayanıqlı sülhdən, hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır və dəhlizlə bağlı prosesləri uzatmamalıdır. Prezident qarşı tərəfin diqqətinə çatdırdı ki, Azərbaycan dəhliz məsələsində güzəştə getməyəcək. Yəni dəhliz olmasa, sülh sazişi də olmayacaq. Bütün bunlar bir-biri ilə hardasa üzvi şəkildə bağlıdır. Ermənistan tərəfi elə bilirdi ki, prosesləri uzatdıqca, Azərbaycan onların şərtlərini qəbul edəcək. Lakin Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda ortaya qoyduğu mövqe bir daha göstərdi ki, Bakı geri çəkilməyəcək. Hesab edirəm, tamamilə doğru mövqedir. Azərbaycan müharibədə qalib tərəf olduğu halda kommunikasiyalar məsələsində niyə güzəştə getməlidir ki? Məğlub tərəf Ermənistan olduğu üçün onlar şərtləri qəbul etməlidilər. Qarşı tərəf anlamalıdır ki, dayanıqlı sülh olmayacaqsa, bu, Ermənistan üçün fəlakət olacaq. Zatən orada miqrasiya hər keçən gün daha da artır. Sülh olmaması o deməkdir ki, miqrasiya dayanmayacaq. O baxımdan hesab edirəm ki, ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri Ermənistana edilən qəti xəbərdarlıq mahiyyətinə malikdir. O cümlədən, Ermənistandakı revanşist qüvvələri himayə edən xarici dairələr də anlamalıdılar ki, Azərbaycan güclü durumdadır. Bu isə o deməkdir ki, Azərbaycanı hansısa güzəştə məcbur etmək imkansızdır. Çünki mövcud situasiya tamamilə fərqlidir”.
Partiya sədri onu da əlavə etdi ki, zaman Ermənistanın ziyanına işləyir.
Vidadi ORDAHALLI