Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-ü və 24-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Lavrov Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Lavrovun indiki məqamda Bakıya gəlişi maraq doğurur və görüşlərdə hansı mövzuların müzakirə ediləcəyi ilə bağlı suallar yaranır.
Sergey Lavrov bugünlərdə Türkiyə xarici işlər naziri Çavuşoğlu ilə görüşdən sonra birbaşa Ermənistana yollanmışdı. O, İrəvanda həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də XİN rəhbəri Ararat Mirzoyanla görüşüb. Bu görüş Türkiyədə aparılan müzakirələrin Cənubi Qafqaza, yaxud Ermənistan-Azərbaycan münasibətlərinə aid olan hissəsinin davamı kimi qiymətləndirilir. Çünki son aylar Türkiyə Azərbaycan və Ermənistan məsələsində aktivliyini gücləndirib.
Avropa Birliyi və Moskvada da aparılan danışıqlardan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, eləcə də delimitasiya və demarkasiya məsələsinin həll olunması istiqamətində addımlar atılır. Lavrovun Bakı səfəri həm də ABŞ hökümətinin yüksək vəzifəli şəxslərinin Azərbaycana etdiyi ardıcıl səfərlərdən sonraya təsadüf edir. Lavrovun budəfəki qəfil Bakı səfıri ABŞ-ın fəallığından doğan Moskvanın narazılığı ilə bağlı ola bilərmi?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun Bakı səfəri çox maraqlı bir dönəmə təsadüf edir: “Bundan əvvəl Lavrovun İrəvanda verdiyi müsahibələr Azərbaycanda birmənalı qarşılanmadı. Xüsusilə də onun Fərrux kəndi ilə bağlı açıqlaması açıq şəkildə ermənilərin marağına xidmət edirdi. Azərbaycan həmin açıqlamaya rəsmən etiraz etdi və yalnız bundan sonra Rusiya XİN düzəliş verməyə məcbur qaldı. Heç həmin düzəliş də bizi qane edə bilməzdi. Rusiya həm 44 günlük Vətən müharibəsinin dayandırılmasında, həm də üçtərəfli sazişin imzalanmasında həlledici rol oynayıb. Həmçinin, rəsmi Moskva müharibədən sonrakı ilk vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası ilə kommunikasiyaların açılması məsələlərində də fəallıq nümayiş etdirib. Lakin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına Avropa İttifaqının cəhdlər etməsindən sonra Rusiya bu məsələdə ciddi mövqe dəyişikliyi edib. Sanki Kreml tərəflər arasında sülhyaratma prosesinin ləngiməsi xəttini tutub. Bu məsələdə əsas rol oynayan şəxslərdən başda duranı məhz Sergey Lavrovdur. Ona görə də Rusiyanın nə istədiyini bilməliyik. Hesab edirəm ki, Lavrovla ətraflı söhbət aparılacaq və ondan bir sıra suallara cavab alınmasına çalışılacaq. Təbiidir ki, Rusiya həm də ABŞ və Qərbin regionda aktivləşməsindən narahatdır. Bura ABŞ rəsmilərinin regiona reallaşan intensiv səfərlərindən doğan narazılıqları da aid edə bilərik.
Bir sözlə, Lavrov Azərbaycana gəlirsə, bu münasibətlərin bütün istiqamətlərini müzakirə etmək lazım gələcək".
Məhəmmədəli QƏRİBLİ