Baş nazir Nikol Paşinyan “Al-Jazeera”-ya müsahibəsində kommunikasiyaların açılması və delimitasiya, demarkasiya proseslərilə bağlı sualı cavablandırarkən deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsinin Qarabağa aidiyyəti yoxdur:
“Ermənistan, Rusiya və Azərbaycanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli bəyanat Dağlıq Qarabağda zorakılığın dayandırılmasına yönəlmiş addım idi. Bu bəyanat Dağlıq Qarabağ məsələsini əhatə etmir, bir halda ki, Dağlıq Qarabağ münaqişəsinə toxunulmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə biz Dağlıq Qarabağ məsələsinə qayıda biləcəyik”.
Daha sonra dəhlizlər məsələsinə toxunan Paşinyan qeyd edib ki, bir dəhliz var və digərindən söhbət gedə bilməz: “Bilirsiniz, dəhlizlə bağlı ifadələr bizim üçün qəbuledilməzdir, bu bizim üçün qırmızı xətdir, çünki bizim regionda, söhbətimizin əvvəlində qeyd etdiyim üçtərəfli bəyanata görə, bir dəhlizimiz var, bu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizidir. 44 günlük müharibədən sonra imzalanan bəyanata görə regionda yalnız bir dəhliz var, o da Laçın dəhlizidir”.
Bununla faktiki olaraq Paşinyan rəsmən Naxçıvana dəhliz verilməyəcəyini bəyan etdi. Bu isə qarşı tərəfin sözügedən məsələdə güzəşt etməyəcəyi anlamına gəlir.
“Dəhliz olacaqsa, bu, hər iki yolda olmalıdır, birində olsun, o birində yox, bu mümkünsüzdür”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyan bu kimi təxribatçı açıqlamalar səsləndirsə də, fərqli statusa malik yollardan söhbət gedə bilməz: “Bu o deməkdir ki, dəhliz olacaqsa, bu hər iki yolda olmalıdır. Birində olsun, o birində yox, bu mümkünsüzdür. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistan hər vasitə ilə çalışır ki, onun bəndlərini öz maraqlarına uyğun olaraq interpretasiya etsin. Bu da, hesab edirəm ki, Ermənistanın növbəti təxribatıdır. Çünki belə təxribatlar razılaşmanın bəndlərinin icrasını yubatmağa hesablanıb. Ermənistan dəfələrlə aldadıcı mövqedən çıxış edərək bəyan edib ki, bütövlükdə kommunikasiya xətlərinin açılması ilə bağlı səy göstərəcək. Ancaq Paşinyan bu ilin aprelində Moskvaya səfər etdikdən sonra ritorikasını sərtləşdirib. Hər vasitə ilə öhdəliklərini yerinə yetirməkdən yayınır. 10 noyabr bəyanatında yazılıb ki, Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xətləri açılmalıdır. Kommunikasiya xətlərinin adını nə qoyursan qoy, bu dəhliz olmalıdır. Yəni Laçın dəhlizi ilə Zəngəzurdan keçən yol eyni statusa malik olmalıdır. Bir ölkənin ərazisində iki fərqli statusa malik olan nəqliyyat xətləri ola bilməz. Bu baxımdan hesab edirəm ki, Paşinyanın dəhlizlərlə bağlı son açıqlaması əsası olmayan fikirlərdir. Ermənistan dəhlizdən imtina edərsə, o zaman İran vasitəsilə Naxçıvanla əlaqə qurulmalıdır. Bununla paralel Laçından keçən yola Azərbaycan nəzarət etməlidir. Bu baxımdan hesab edirəm ki, biz təmkinli şəkildə öz mövqeyimizi ortaya qoymaqda davam etməliyik”.
Partiya sədri onu da əlavə etdi ki, əvvəl-axır Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalacaq.
Vidadi ORDAHALLI