Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrail Xüsusi Kəşfiyyat orqanı MOSSAD-ın məlumatları əsasında İranın İstanbulda keçirməyi planlaşdırdığı terror hadisəsinin qarşısını alıb.
Məlumata görə, İranın xüsusi xidmət orqanları Türkiyədə İsrail vətəndaşı olan turistləri qaçırmağa cəhd göstərib. Türkiyənin Milli İstihbarat Təşkilatı MOSSAD-ın kəşfiyyat məlumatı əsasında təxribat cəhdinin qarşısını alıb.
İsrailin xarici işlər naziri Yair Lapid Türkiyə hökumətinə təhlükəsizliyi təmin etdiyi üçün təşəkkürünü bildirib: "İranın israillilərə qarşı terror aktı təşkil etmək cəhdləri səbəbindən İsrail vətəndaşlarını İstanbul və Türkiyəyə səfər etməməyə çağırıram. İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyə hökumətinə təşəkkür edirik".
İsrail rəsmisi paylaşımında İrana xəbərdarlıq da edib: “Hər kim israillilərə pislik etməyə çalışsa, İsrail onu hər yerdə cəzalandıracaq”.
Qeyd edək ki, son həftələrdə İranda pilotsuz uçuş aparatı, raket və peyklərin yaradılması, eləcə də nüvə sahəsində çalışan alimlərin və mütəxəssislərin müəmmalı şəraitdə dünyasını dəyişməsi qeydə alınıb. İran bu hadisələrin arxasında İsrail xüsusi xidmət orqanlarının əməkdaşlarının dayandığını güman edir.
Sanki İran və İsrail kəşfiyyatlarının açıq döyüşü başlayıb. Bu məsələdə Türkiyənin və daha doğrusu İstanbulun meydan kimi seçilməsi hansı anlama gələ bilər?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu iki ölkə arasındakı gərginlik uzun illərdi davam edir: “Bu, adi gərginlik həddindən çıxıb. Əslində, İran və İsrail bir-biri ilə kənar ölkələrin ərazisində müharibə edir. Məsələn, biz bunu Qəzza bölgəsində görürük. Orada faktiki olaraq Hizbullah adı ilə İran vuruşur. İran ora həm hərbi, həm də ideoloji dəstək verir. Yaxın ölkələrdə də bacardıqları qədər bir-biri ilə mübarizədədirlər. Türkiyədə baş verən hadisəyə dəqiq qiymət vermək üçün əvvəlcə hadisənin nəyin fonunda baş verdiyinə diqqət edək. Bir neçə gün əvvəl İran Aerokosmik Qüvvələrinin zabiti və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti İranda öldürülüb.
Onlardan birinin vəzifə başında olarkən avtomobil qəzasında dünyasını dəyişdiyi qeyd edilir. Qəza Tehrandan 250 kilometr cənubda yerləşən Xomeyn şəhərində baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti isə Tehranın mərkəzində güllələnib. Motosiklet sürən iki qatil polkovnikə beş dəfə atəş açıb. Çox güman ki, İran bu qətllərdə İsrailin əlinin olduğu qənaətindədir. Bu səbəbdən də qisas almaq qərarına gəlib. Ola bilsin, Türkiyədə İran kəşfiyyatının hədəfinə gələn İsrail vətəndaşları önəmli missiya daşıyıcıları olub. Əməliyyatın hədəfi kimi Türkiyənin seçilməsi təsadüfi deyil. Böyük ehtimal ki, qonşu ölkə olduğu üçün, İran Türkiyədə özünə yaxşı şəbəkə yarada bilib. Təbiidir ki, İranın bu addımı tam sübuta yetərsə, Türkiyənin etirazı olacaq. Çünki başqa bir ölkənin ərazisindən istifadə etməklə üçüncü bir dövlətə qarşı əməliyyat keçirmək ilk növbədə Türkiyəyə edilən hörmətsizlikdir”.
Məhəmmədəli QƏRİBLİ