Bolqarıstanda rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bolqarıstan parlamentinin sədri Nikolay Minçev ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar. İkitərəfli təmasların, işgüzar əlaqələrin genişləndirilməsi baxımından İrəvan və Sofiyanı birləşdirən birbaşa uçuş proqramının həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşdə təəccüb doğuran məqam odur ki, Bolqrastan rəsmisi də Minsk Qrupunun bərpası mövqeyindən çıxış edib. Belə ki, tərəflərin görüşündə Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh danışıqları yolu ilə uzunmüddətli və hərtərəfli həllinə nail olunmasının zəruriliyi vurğulanıb.
Bolqarıstan Azərbaycandan qaz alır və üstəlik alınan qazın həcminin 1 milyard kubametrdən 3 milyarda artırılmasını istəyir. Dəfələrlə Bolqarıstan rəsmiləri bununla bağlı istəklərini bəyan ediblər. Azərbaycan da imkanları daxilində Avropaya qaz ixracının artırılmasında maraqlıdır. Belə olan halda Minsk Qrupunun Bolqarıstana nə dəxli?
“Bolqarıstan bununla hansısa üstünlük qazanmaq istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov hesab edir ki, Bolqarıstanın Minsk Qrupu ilə bağlı yanaşması qəbuledilməzdir: “Məsələ ondadır ki, ümumiyyətlə, Bolqarıstanın bugünə qədər həyata keçirdiyi siyasət o qədər də birmənalı qarşılanmır. Hesab edirəm ki, Bolqarıstan Cənubi Qafqaz regionu ilə bağlı dəqiq təsəvvürlərə malik deyil. Üstəlik, Azərbaycanla qaz danışıqlarının davam etdiyi bir müddətdə Minsk Qrupu ilə bağlı bu tip təxribatçı fikirlərin səslənməyi məqsədlidir. Ona görə ki, Bolqarıstan danışıqlarda bu tip bəyanatlar səsləndirməklə hansısa üstünlük qazanmaq istəyir. Yəni Azərbaycanla qaz danışıqlarında müəyyən güzəştlər əldə etmək üçün bunu edir. Ermənistan xarici işlər nazirini qəbul edərkən Minsk Qrupu ilə bağlı bu tip lazımsız bəyanatlar verir. Halbu ki, ATƏT-in Minsk Qrupunun işlək olmaması ilə bağlı mövqe dəfələrlə beynəlxalq kuluarlarda səslənib. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra öz ərazi bütövlüyünü bərpa edib. Ondan sonra Minsk Qrupunun bu regionda görə biləcəyi hansısa iş yoxdu. Sonuncu dəfə xarici işlər naziri Sergey Lavrov da Ukrayna müharibəsindən sonra Rusiyanın Qərblə Minsk Qrupu formatında əməkdaşlığının artıq tükəndiyini qeyd etdi. Bütün bunlar da Bolqarıstana məlum olmamış deyil. Sadəcə olaraq, enerji məhsullarının idxalında hansısa güzəştlər qoparmaq istəyir. O üzdən, bu tip qeyri-etik siyasi yollardan istifadə etməyə çalışır. Ancaq bütün bunlar Azərbaycana hansısa bir formada təsir göstərə bilməz. Çünki Bolqarıstanın siyasi proseslərə təsir edə biləcək nüfuzu yoxdur. Bolqarıstan rəsmisi Ararat Mirzoyanın Minsk Qrupu ilə bağlı səsləndirdiyi sübutsuz, faktsız və praktiki əhəmiyyəti olmayan fikirləri təkrarlamaqla məşğuldur”.
Bir sözlə, politoloq hesab edir ki, səslənən fikirlərin hansısa siyasi əhəmiyyəti yoxdur.
Vidadi ORDAHALLI