ABŞ Rusiyanın Ukraynaya hücuma hazırlaşması barədə Kiyevə xəbərdarlıq edib. Bu barədə Birləşmiş Ştatların prezidenti Cozef Bayden deyib. Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin “Ukrayna prezidenti Zelenskinin eşitmək istəmədiyini” deyib.
ABŞ prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib. Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatışmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.
Baydenin bu mövzunun üzərinə məhz indiki məqamda gəlməsi çox maraqlıdır. Bununla nə demək istəyir: məsuliyyəti Ukraynanın boynuna qoymaq istəyir, yoxsa bundan sonra Ukraynaya dəstəyi azaltmağı hədəfləyirlər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, bu suala cavab verməzdən öncə yaxın zamanlarda tərəflərin səsləndirdiyi bəyanatların ruhunu təhlil etmək lazımdır: “ABŞ bu bəyanatı Ukrayna rəhbərliyinin Qərb və Vaşinqtonu onları normal şəkildə dəstəkləmədiyi haqda verdiyi açıqlamaların fonunda verir. Qərb və ABŞ gözləyirdi ki, Zelenski bütün günahları onlarda yox, Rusiyada görəcək. Görünən budur ki, Ukrayna ona vəd edilən hərbi və iqtisadi dəstəyi almır. Proseslər kifayət qədər dərinləşib. Biz təxmin edirdik ki, müharibə uzanacağı təqdirdə bunun ciddi fəsadları ola bilər. Artıq bunlar real görünür. Bayden təsadüfən məhz indiki məqamda danışmır. ABŞ görür ki, bu proseslər onun iqtisadiyyatını da zəiflədir. Situasiyadan qazancla çıxan ölkə Çin olur. Bayden gözlənilən iqtisadi böhranın bütün yükünü Zelenskinin üstünə atmaq üçün belə bəyanat verib. Rusiya tərəfi bəyan edir ki, Zelenskidən kənar istənilən Ukrayna siyasətçisi ilə bu məsələni həll etməyə hazırdır. Bayden onu içəridən sıxan iqtisadi elitanın təzyiqindən yayınmaq üçün Zelenskini hədəfə alır. Respublikaçılar hazırda ABŞ-da güclənir. Ukrayna məsələsi və ondan doğan böhran seçkilərdə əsas təbliğat şuarı olacaq. Buna görə də, Bayden belə manevr edir”.
Məhəmmədəli QƏRİBLİ