Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Bu barədə verilən məlumatda qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.
O, Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.
Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər. Belə hallardan qorunmaq üçün cəmiyyətdə hansı tədbirlər həyata keçirilməlidir: mariflənmə, valideynlərin uşaq üzərində nəzarətinin güclənməsi, daha nələr?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu istiqamətdə vacib addımların atılmasına ehtiyac var: “Dediyiniz videosüjetə baxdım və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müharibə dövrünün ab–havası üstümüzdən çəkilməyə macal tapmamış, təbliğat-təşviqat işlərinin düzgün istiqamətləndirildiyi bir şəraitdə belə bir hadisənin baş verməsi mənim üçün çox gözlənilməz oldu. Yetkinlik yaşına çatmamış, pixologiyası tam formalaşmamış yeniyetmənin bu cür çirkin oyunlarda istifadə edilməsi düşmən tərəfin ən alçaq hərəkətlərə qabil olmasının bariz nümunəsidir. Bildiyim qədər, özünə hörmət edən hər hansı bir kəşfiyyat və ya əks-kəşfiyyat orqanlarında yeniyetmələrin bu istiqamətdə fəaliyyətə cəlb edilmələri etik normalar çərçivəsindən kənar hərəkət olaraq qiymətləndirilir.
İndiki konkret halda yeniyetmənin özünün də siyasi savadsızlıq, zəiflik, iradə sahibi olmadığını nümayiş etdirməsi qarşı tərəfə məhz bu tipajın üzərində cəlbedilmə əməliyyatının həyata keçirilməsinə start verib. Yeniyetmənin özünün də verdiyi müsahibədən onun hansı dərəcədə səbatsız, çəkingən, ən azından yaşına uyğun belə siyasi savadının olmaması, fərdi keyfiyyətlərində dünyaya fərqli baxışlarında və sairədə bunu aydın sezmək olar.
Gələcəkdə də belə halların təkrarlanmasının qarşısını necə almaq olar? Əlbəttə ki, ayrı-ayrılıqda təqsirkar olaraq bütün məsuliyyəti təkcə ailənin, cəmiyyətin və maariflənmənin üzərinə yükləmək olmaz. Bütün hallarda bu cür məsələlərə kompleks yanaşmaq lazımdır və əlbəttə ki, burada hər kəs öz məsuliyyətini aydın şəkildə dərk etməlidir. Misal üçün, indiki halda baş vermis hadisə məktəblərin ümumi yığıncaqlarında müzakirə edilməli, şagirdlərə mütləq olaraq milli-ideoloji zəmində həqiqətlərin çatdırılması təmin olunmalıdır.
Ümidvaram ki, Azərbaycan yeniyetmələri yaş fərqinin azlığına baxmayaraq kifayət qədər milli ruhda tərbiyə almış fərdlərdir. Yetər ki, bu fərdlərin cilalanaraq düzgün tərbiyə edilib istiqamətlənməsinə yardımçı olaq”.
Məhəmmədəli QƏRİBLİ