Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Gürcüstandakı Luqara Mərkəzinin işi və “ABŞ-ın postsovet məkanında hərbi bioloji fəaliyyəti” haqqında danışıb.
Zaxarovanın sözlərinə görə, ABŞ-Gürcüstan Ordusunun Tibbi Araşdırmalar İdarəsi daimi əsasda Luqara laboratoriyasında yerləşdirilib. Orada infeksion xəstəlikləri yayan həşəratlarla bağlı araşdırmalar aparır. Zaxarova iddia edib ki, bu, ABŞ-ın laboratoriyasıdır və Rusiya Federasiyasının cənub sərhədlərində bioloji təhlükə var. Onun fikrincə, Rusiya tərəfi ABŞ-ın bioloji laboratoriyaları ilə bağlı tədbir görəcək. Zaxarova qeyd edib ki, Moskva ABŞ-ın postsovet məkanında hərbi bioloji fəaliyyəti ilə bağlı suallara cavab tələb edir: “Vaşinqtondan postsovet məkanında hərbi bioloji fəaliyyəti ilə bağlı Rusiya tərəfinin qaldırdığı konkret məsələlərə ümumi məlumat deyil, əsaslı izahat verməsini gözləyirik. Rusiya rəsmiləri, o cümlədən Xarici İşlər və Müdafiə nazirlikləri, ictimai xadimlər, o cümlədən gürcü ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri Luqara Mərkəzinin fəaliyyətinin ABŞ-ın tələblərinə əməl etməsi ilə bağlı ciddi suallar doğurduğunu dəfələrlə qeyd ediblər”.
Görünən odur ki, sözügedən məsələ ilə bağlı Rusiya daha ciddi addımlar atmaq fikrindədir.
“Rusiya bunu özünə təhdiddən çox, bir sıra postsovet ölkələrində ABŞ-ın təsir dairəsinin genişlənməsi kimi dəyərləndirir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Zaxarovanın bu cür açıqlama ilə çıxış etməsinə Ukraynada gedən müharibə konteksində yanaşmaq lazımdır: “Əvvəla, Rusiyanın bəzi postsovet ölkələrində ABŞ-ın bioloji laboratoriyalarının fəaliyyət göstərməsi barədə iddiaları yeni deyil. Uzun illərdir bununla bağlı iddialar səslənir. Bir sıra ölkələrdə, məsələn Gürcüstanda, Ermənistanda belə laboratoriyaların fəaliyyət göstərməsi öz təsdiqini tapıb. Rusiya hesab edir ki, Orta Asiya ölkələrində də belə biolaboratoriyalar mövcuddur. Rusiya bunu özünə təhdiddən çox, bir sıra postsovet ölkələrində ABŞ-ın təsir dairəsinin genişlənməsi kimi dəyərləndirir. Xüsusən də Ukrayna müharibəsi fonunda Rusiya-ABŞ münasibətləri daha da kəskinləşib. Moskvanın sərt tələblərlə çıxış etməsi həm də bununla bağlıdır. Zaxarova bəyan etdi ki, bundan sonra Rusiya biolaboratoriyalarla bağlı ABŞ-ın verdiyi əvvəlki ümumi izahatlarla kifayətlənməyəcək. Daha müfəssəl izahat tələb edəcək. Bu, həm də o deməkdir ki, Rusiya bir sıra possovet ölkələrində biolaboratoriyaların mövcudluğunu istəmir. Həmin laboratoriyalara Rusiyanın da nəzarət etməsində qərarlıdır. Fikrimcə, bununla bağlı Moskvanın bəzi postsovet ölkələrinə təzyiqi artacaq”.
Bir sözlə, hərbi ekspert hesab edir ki, sözügedən məsələ tərəflər arasında müəyyən gərginlik yarada bilər.
Vidadi ORDAHALLI