ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb:
“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”- məlumatda deyilir.
Bildirilib ki, səfər zamanı K.Donfrid Azərbaycan, Gürcüstan və Ermənistanın “öz yollarını müəyyən etmək hüququ”nu vurğulayacaq.
Qeyd olunub ki, K.Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, burada Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, transmilli təhdidlərlə mübarizə, əsas azadlıqlar və ikitərəfli ticarət və investisiyaların inkişafında tərəfdaşlığı qeyd edəcək.
Bakıdan sonra o, iyunun 17-də Gürcüstanın paytaxtı Tiflisə səfər edəcək, burada Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşkil etdiyi konfransda çıxış edəcək, Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Bir gün sonra K.Donfrid Yerevana gedəcək və orada Ermənistanın Baş naziri Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək.
Maraqlıdır ki, ABŞ rəsmisinin səfər proqramında Gürcüstanda müxalifətlə görüşmək də var. ABŞ rəsmisi bizim müxalifətlə niyə görüşmək istəmir? Bunun səbəbi bizim müxalifıtin zəif olması ilə bağlıdır, yoxsa başqa amillə?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ rəsmisinin regiona səfəri mühüm əhəmiyyətə malikdir: “Rusiya-Ukrayna müharibəsinin gedişi və regionda baş verən proseslər ABŞ-ı xüsisilə fəallaşdırıb. Onlar Avropa İttifaqı ilə birlikdə regiona ciddi nüfuz etmək istəyirlər. Baxmayaraq ki, ABŞ Azırbaycan-Ermənistan münaqişəsində açıq ermənipərəst mövqe tutur və Qarabağa status verilməsini ən çox tələb edən ölkədir. Hər-halda bu fəallıq regionda proseslərin sürətlənməsinə gətirib çıxara bilər. Rusiya yeganə vasitəçi olanda və kimsə onu tələsdirib, sıxmayanda çox rahat şəkiıdə prosesləri uzada bilir. Putinin müharibədən sonra dərhal verdiyi bəyanat göstərdi ki, Risiyanın bu məsələdə o qədər də tələsmək fikri yoxdur. Buna görə də, həm Avropa İttifaqının, həm də ABŞ-ın fəallaşması bizi qane edir. Bir səfərlə ciddi nəticələr ola bilməz. Hər halda ümid edirik. Rusiyanın özündə də bu səfər maraqla izlənir. Bizim müxalifətlə nədən görüş təşəbbüsü yoxdur? Belə görüşlərlə bağlı proqram əvvəlcədən müəyyənləşir. Yəqin ki, ABŞ tərəfi buna lüzum görməyib. Ola bilər ki, Azərbaycan müxalifətinin gözüyumulu ABŞ-ı müdafiə etməsi ilə bağlıdır. Hətta Brüssel danışıqlarından sonra Paşinyanın verdiyi bəyanat bizi narahat etsə də, Milli Şura onu həvəslə qarşıladı. Söhbət ermənilərin status tələbindən gedirdi. ABŞ və Qərb əmindir ki, Azərbaycan müxalifətinin bir hissəsi onların diqqtəsilə hərəkət edir. Bilirlər ki, nə təklif etsələr bunlar onu həvəslə qəbul edəcəklər. Ona görə də, onların mövqeyini öyrənməkdə maraqlı deyillər. Müxalifıtin konstruktiv qanadı ilə isə radikalları qısqandırmamaq üçün görüşmək istəməyiblər”.
Məhəmmədəli QƏRİBLİ