Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Türkiyə rəhbərliyindən Ermənistanla münasibətləri normallaşdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazır olduğunu eşitməkdən məmnun olduğunu dedi.
Eyni zamanda Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin qurulmasına toxunarkən dedi ki, Ankara bu məsələdə mövqeyini Bakı ilə sinxronlaşdırır və o üzdən bu doğru deyil: “Türkiyə ilə münasibətlərin qurulması təqdirəlayiqdir. Lakin bir tərəfdən Türkiyə heç bir şərt qoymadan münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edir, digər tərəfdən Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində irəliləyiş arasında əlaqə görürük. Bu, konstruktiv yanaşma sayıla bilməz”.
Daha sonra Mirzoyan vurğulayıb ki, prosesin tempi ilə bağlı Ermənistan və Türkiyənin fərqli fikirləri var.
Görünən odur ki, Ermənistan tərəfi çalışır sözügedən məsələdə Türkiyə-Azərbaycan faktorunu nəzərə almasın. Yəni Azərbaycanla münasibətlərin yoluna düşüb-düşməməsindən, sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq Ermənistan-Türkiyə sərhədləri açılsın, iki ölkə münasibətləri düzəlsin. Ancaq bunlar nəzərə almaq istəmir ki, Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqlikdən də öndə gəlir.
“Qardaş Türkiyənin öz mövqeyini Azərbaycanla sinxronlaşdırması tam təbiidir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Mirzoyanın belə açıqlama ilə çıxış etməsi erməni hiləgərliyindən irəli gəlir: “2008-2009-cu illərdə “Futbol diplomatiyası” adı altında Ermənistan və onun himayədarları belə bir cəhd göstərdilər. İşğala son qoymadan, Azərbaycan amili nəzərə alınmadan Türkiyə ilə sərhədləri açmağa cəhd etdilər. Hətta 2009-cu ilin oktyabrında bununla bağlı Sürix protokolları imzalandı. Ancaq o zaman Türkiyə və Azərbaycanda buna etirazlar oldu. Nəticədə Ermənistanın məkrli planı fiaskoya uğradı. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdi. İşğal faktı aradan qalxdığından, Türkiyə-Ermənistan diplomatik münasibətlərinin qurulması üçün əngəl qalmayıb. Ancaq bütün bunlar heç də o demək deyil ki, digər amillər gözardı edilməlidir. Ermənistan doğrudan da qonşularla sağlam münasibət qurmaq istəyirsə, o zaman Türkiyə və Azərbaycana yönəlik ərazi iddialarından əl çəkməlidir. Sülh sazişi imzalanmalıdır. Ötən il Azərbaycanla Türkiyə arasında müttəfiqlik sazişi imzalanıb. Belə olan halda qardaş Türkiyənin öz mövqeyini Azərbaycanla sinxronlaşdırması tam təbiidir. Ermənistan istəyir ki, bu amillər nəzərə alınmasın və nəticədə Türkiyə-Azərbaycan münasibətləri pisləşsin. Bunu isə heç vaxt görməyəcəklər”.
Vidadi ORDAHALLI