Bu il iyunun 7-də Avropa Parlamenti 448 səs lehinə olmaqla qardaş Türkiyə əleyhinə qətnamə çıxarıb. Bütün deputat korpusunun haradasa sayca 100-ə yaxını bitərəf qalıb və ya əleyhinə çıxıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev "Facebook" səhifəsində yazıb.
A.Quliyev yazır ki, qətnamə Türkiyə barədə dinlənilən hesabatla əlaqədar qəbul olunub: “Türkiyəni saxta "erməni genosidini" tanımağa çağırırlar. Mövzu köhnədir və dəqiq desək kifirçilik həddinə qədər çeynənib. Nə qədər deyək ki, Ermənistan da buyurub arxivlərini Türkiyə kimi açsın və hər kəs 1915-ci ildə kimin nə cinayət törətdiyini sənədlərdən birbaşa özü oxusun... Ermənilər buna getmir və birmənalı ifşa olunmaqdan qorxurlar...
Bəs Avroparlament bu mənasız çağırışı indi niyə edir? Dünya Ukrayna müharibəsindən narahatdır, Türkiyə problemin siyasi yolla həllinə çalışır. Belə məqamda "heç hənanın yeridirmi"?
Deyəsən "həna üçün yer düzəltmək" istəyənlər var. Beləliklə, anti-Türkiyə qətnaməsinin dalında nə dayanır?
Əvvəla, İsveç və Finlandiyanın NATO-ya üzv qəbuluna arqumentlərlə qarşı çıxan Türkiyəyə təzyiq edilir.
İkincisi, Türkiyənin Şimali Suriyada planladığı yeni əməliyyatların qarşısına maneə çıxarılır.
Başqa motivlər də var. Xatırlayaq, bir neçə ay əvvəl Avropa Parlamenti Qarabağda guya erməni milli tarixi irsinin məhv edildiyinə dair anti-Azərbaycan qətnaməsi də çıxarmışdı. Demək, indiki qətnamənin həm də anti-Azərbaycan motivi var...”