Son 10 gündə ruslarla ermənilərin Azərbaycana qarşı bu qədər birgə işi təsadüfdürmü...

Afsəddin Nəbiyev: “Bununla göstərmək istəyirlər ki, Rusiya keçmiş sovet respublikalarından vaz keçmək niyyətində deyil”

img

İstər Rusiyanın, istərsə də Ermənistanın Brüssel prosesindən sonra siyasi gedişlərində və ritorikalarında Azərbaycana qarşı həm kəskin dəyişiklik, həm də aqressivlik açıq hiss olunur. Xüsusən də son günlər Rusiyanın Qarabağ məsələsində şübhəli davranışları, pərdəarxası məğlub Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxarmaq cəhdləri açıq formada sezilməkdədir. Kremlin bu yöndə fəaliyyəti müxtəlif formada – siyasi, hərbi müstəvidə özünü göstərir.

Təkcə son 10 gün ərzində Rusiya və rus sülhməramlılarının iştiraki ilə Azərbaycana yönəlik təxribat və təzyiq xarakterli addımlar diqqət çəkir. RİA Novostinin Beqlaryan reklamı, Konstantin Zatulinin keçmiş Dağlıq Qarabağın keçmiş rəhbərləri, saxta “rus icması” və Qarabağdakı hərbi kontingentin komandanı general Volkovla görüşü, bəzi Ermənistan nazirlərinin, baş prokurorun Xankəndiyə nümayişkaranə qanunsuz səfəri, Laçına gedən azərbaycanlıların sühməramlılar tərəfindən daha çox yoxlamaya məruz qalması, yubadılması, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində ermənilərin Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaratması və nəhayət Lavrov tərəfindən Fərruxun delimitasiyaya aid edilməsi son 10 günün hadisələridi. Bu qədər hadisənin 10 gün ərzində baş verməsi nə deməkdir? Bir belə təsadüf olarmı?

  • “Kreml hakimiyyətinin, sülhməramlıların Azərbaycana yönəlmiş təxribatları təsadüfi hadisə kimi qiymətləndirilə bilməz”

Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunların təsadüf olmasına inanmaq üçün gərək sadəlövh olasan: “Rusiya hakimiyyətinin, sülhməramlıların Azərbaycana yönəlmiş təxribatları təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Onların Qarabağa yerləşdiyi andan Azərbaycan əleyhinə apardıqları təxribat və təzyiqlərər bitib tükənmir. Bu təzyiqlər təkcə "sülhməramlılar"ın deyil, davamlı  olaraq Rusiya və erməni siyasi dairələrinin gündəlik “iş üslubuna” çevrilib. Rusiya və Ermənistanın yolverilməz addımlarına qarşı Azərbaycanın siyasi hakimiyyəti  dəfələrlə hər iki dövləti təxribatçı addımlardan çəkinməyə, bölgədə sülhə töhvə verməyə çağırıb. Ancaq  reallıq ondan ibarətdir ki, Rusiya və Ermənistan dövləti beynəlxalq hüquq anlayışına qanunlara hörmət etməyən  ölkələr sırasındadır. Dünyanın 40-a yaxın aparıcı dövlətləri Rusiyaya qarşı birgə koalisiya yaratmaqla  beynəlxalq ictimaiyyətə açıq mesajlarını verməkdədirlər. Ermənistanın Rusiyanın həm forpostu, həm də KTMT üzvü olması bu dövlətin də beynəlxalq ictimaiyyətə  arasında ən aşağı "nüfuza" sahib olmasını aydın şəkildə göstərir. Son günlər Rusiya və Ermənistan siyasi hakimiyyət dairələrinin Azərbaycana qarşı təxribatçı hərəkətlərinin daha çox olmasını onunla izah edə bilərəm ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçı  siyasətində "uğur təbliğatı" sərgiləməkdədir. Yəni bununla göstərmək istəyirlər ki, Rusiya keçmiş sovet respublikalarından vaz keçmək niyyətində deyil. Ancaq dünya da əvvəlki, dünya olmayacaq. Yeni dünya düzəni çox sürətlə dəyişir. Rusiyanın imperialist siyasətinin dayandırılması üçün tarixdə ilk dəfə belə böyük koalisiya səfərbər olunub. Qarşıdakı aylarda  hadisələrin hansı kritik məcraya yön almasının şahidi olacağıq.

Birmənalı olaraq söyləyirəm  ki, məhz həmin dövrlərdə Rusiya və Ermənistan Azərbaycana qarşı apardıqları təxribat və təzyiqlərin  yanlış siyasət olduğunu anlayacaqlar. Azərbaycan dövləti ayıq-sayıqlığını hər zaman qorumalıdır, necə ki, hazırda dövlətimizin təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin olunur. Bu işləri belə də davam etdirməliyik. Daima müzəffər Ordumuza güvənməli, peşəkarlığı artırmalıyıq, eyni zamanda Türkiyə dövləti ilə müttəfiqlik münasibətlərimizi hər gün dərinləşdirməyə davam etməliyik”.

Sədr müavini hesab edir ki, belə olduğu halda, "Zatulinlərin" Cənubi Qafqaz bölgəsinə səfərləri turist xarakterli olacaq.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər