Qarabağda məskunlaşan erməni separatçılar xarici turistlərin Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərini təşkil etməyə çalışırlar.
Narahatlıq doğuran məqam odur ki, turist adı ilə Qarabağa qanunsuz səfər edən əcnəbilərin sayı artır və sülhməramlılar buna mane olmur. Düzdür, onların sayı müharibədən əvvəlki ildə olduğu qədər çox deyil, amma say ilbəil artır. Məsələn, 2019-cu ildə Azərbaycandan icazəsiz Qarabağa xarici ölkələrdən 42 minə yaxın “qonaq” gəlib. Sonra pandemiya və müharibə səbəbindən bu say kəskin azalıb. 2020-ci ildə Qarabağa qanunsuz səfər edən xarici turistlər 3016 nəfər olub. 2021-ci ildə xarici ziyarətçilərin sayı 4400-ə qalxıb. Təkcə bu ilin dörd ayı ərzində 1325 əcnəbi Qarabağa qanunsuz səfər edib. May ayı üçün statistika yoxdur, lakin artıq aydındır ki, bu rəqəm az deyil. Yay ərzində say daha da çoxala bilər.
Qarabağ separatçılarının nümayəndəsi Gevorq Arakelyan “Sputnik Ermənistan”a açıqlamasında deyib ki, müharibədən sonra əvvəlki axın yoxdur: “44 günlük müharibədən sonra biz asfaltlanmış yolları olan turizm zonalarını da itirdik. Hazırda avtomobil üçün əlçatan turistik yerlərimiz çox deyil. Bu baxımdan biz gəzinti turlarına güvənirik”.
G.Arakelyanın sözlərinə görə, separatçılar turistlər üçün 11 əsas istiqamət müəyyənləşdiriblər. Məsələn, onlardan biri məşhur Gəncəsər monastırının olduğu Vəng kəndinə gəzintidir.
Görünən odur ki, Qarabağdakı erməni separatçıları hər fürsətdən maksimum faydalanmaq istəyir, qanunsuz yollarla əcnəbilərin səfərini təşkil edirlər.
“Sülhməramlılar imkan verməsə, hansısa əcnəbi turist qanunsuz olaraq ora gedə bilməz”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bütün bunlara görə, Ermənistanla yanaşı, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır: “Ermənilərin niyyəti zatən bəllidir. Onlar bütün vasitələrlə Qarabağda separatçıların fəaliyyətini genişləndirməyə çalışırlar. Yaxşı, bəs rus sülhməramlıları buna niyə göz yumur? Qarabağdakı erməniləri Ermənistanla əlaqələndirən yeganə yol Laçın şəhərindən keçir. O yol da Rusiya sülhməramlıların nəzarətindədir. Qarabağa hava yolu yoxdur ki, deyək əcnəbi turistlər təyyarə ilə ora gəlir. Onların Qarabağa gəlişi yalnız Laçından keçən yolla təmin edilir ki, buna da sülhməramlılar göz yumur. Sülhməramlılar imkan verməsə, hansısa əcnəbi turist qanunsuz olaraq ora gedə bilməz. Bütün bunlar onu göstərir ki, sülhməramlılar da əcnəbi turistlərin qanunsuz səfərində maraqlıdılar. Onlar da özbaşına deyil. Onlara bu kimi hallara göz yumulması ilə bağlı göstəriş verilir. Nəticədə belə hallar baş verir”.
Hərbi ekspert onu da əlavə etdi ki, sözügedən məsələlər diqqət mərkəzində saxlanılmalı və bunun qarşısını almaq üçün səy göstərilməlidir.
Vidadi ORDAHALLI