8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir: "Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir. Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir".
Rusiya sülhməramlıları dəfələrlə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə şərait yaradıblar. Hər dəfə də Azərbaycanın etirazları ilə qarşılaşıblar. Buna baxmayaraq, yenə də həmin addımı ataraq, baş prokurorun qanunsuz səfərinə şərait yaradıblar. Sülhməramlıların bu addımını necə dəyərləndirmək olar?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın baş prokurorunun Azərbaycanın suveren ərazisi olan Qarabağa etdiyi qanunsuz səfəri birmənalı olaraq pislənməlidir: “Bu addım Azərbaycanın ərazi bütövlüyünə birbaşa olaraq hörmətsizlikdir. Əvvəllər də Ermənistanın bəzi rəsmilərinin Qarabağa səfərləri reallaşıb. Hər dəfə də Azərbaycan belə səfərlərə sərt etirazını bildirib. Bu səfərə də XİN səviyyəsində etiraz olunub. Ermənistanın ərazisindən istənilən rəsmi şəxsin bizim icazəmiz olmadan suveren ərazimizə keçməsi cinayətdir. Bu cinayətə görə həmin şəxslərlə bağlı lazımi hüquqi ölçü götürülməlidir. Belə addımlar Azərbaycanın təklif etdiyi sülh prosesinə də zərbədir. Dəfələrlə Ermənistana təklif edilib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılmasına şərait yaratsın. Bununla bağlı müxtəlif supergüclərin iştirakı ilə danışıqlar da həyata keçirilib. Çox təəssüf ki, Ermənistan belə məsuliyyətsiz hərəkətləri ilə sülh prosesinə zərbələr vurmaqda davam edir. Ermənistanın baş prokurorunun Azərbaycan ərazisindəki hər hansı məsələyə heç bir aidiyyəti ola biıməz. Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarının bu hadisəyə göz yumması, əlbəttə ki, pislənilməlidir. Onlar sülhün bərqərar olunmasına xidmət etməlidir. Təəssüf ki, biz bunun tam əksini görürük. Bu hadisəni qəti şəkildə pisləyirik”.
Məhəmmədəli QƏRİBLİ