Məlum olduğu kimi, Türkmənistanla Azərbaycan arasında qaz sazişi var. Belə ki, keçən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalayıb.
Bu arada məlum olub ki, Aşqabad və Bakı bu əməkdaşlığı genişləndirməyə qərar verib. Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə saziş imzalanıb. Proseslərin sözügedən istiqamətdə inkişafı Rusiyada müəyyən dairələri narahat etməyə başlayıb. Çünki bundan narahat olan Rusiya mətbuatı yazır ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracını artırması Bakının Moskva ilə imzaladığı strateji bəyanata ziddir. Bunu onunla əsaslandırırlar ki, bu, iki dövlətin bir-birinin strateji və iqtisadi maraqlarının nəzərə alınması bəndinə ziddir. Əslində Azərbaycanın ixrac etdiyi qazın həcmi Rusiya ilə müqayisədə dəfələrlə kiçikdir. Belə olan halda hansı zidd addımlardan söhbət gedə bilər?
“Hesab edirəm ki, belə yalan kampaniyanın arxasında erməni izi var”
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun fikrincə, Rusiya mediasında qazla bağlı məlum yanaşmanın nə iqtisadi, nə də siyasi əsası var: “Bu cür fikirlər tamamilə qərəzli və reallıqdan uzaq olan dəyərləndirmələrdir. Çünki ortalıqda müqayisəolunmaz fərq var. Avropanın qaza olan tələbatının hardasa 40 faizi Rusiya hesabına təmin edilir. Azərbaycanın ixrac etdiyi qazın həcmi Rusiya ilə müqayisədə çox aşağıdır. O zaman hansı rəqabətdən söhbət gedə bilər? Bu baxımdan hesab edirəm ki, deyilənlərin ciddi əsası yoxdur. Burada məsələnin kökündə müəyyən məqamlar var. Məsələ ondadır ki, müəyyən mərkəzlər məqsədyönlü şəkildə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdan ötrü belə əsassız informasiyaları dövriyyəyə buraxırlar. Əslində həmin mərkəzlər yaxşı bilir ki, ixrac olunan qazın həcmi arasında böyük fərq olduğu üçün burada hansısa rəqabətdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycanı qaralamaq üçün belə məlumatlar yayırlar. Biz nəzərə almalıyıq ki, Rusiyanın media orqanlarında ermənilərin çox güclü şəbəkəsi var. Çoxsaylı erməni kökənli şəxslər Rusiya mediasında aparıcı mövqedədilər. Heç şübhəsiz, belə pozucu təbliğat kampaniyasının arxasında erməni əsilli şəxslər dayanır. Çünki onların düşmənçiliyi hər zaman özünü göstərib. Məqsədləri odur ki, Azərbaycanla Rusiya arasında sərinlik yaratsınlar. Azərbaycan hər zaman öz milli maraqlarından çıxış edib. Qonşularla və digər dövlətlərlə qarşılıqlı maraqlara söykənən siyasət aparır. Ona görə də hesab edirəm ki, belə yalan kampaniyanın arxasında erməni izi var. Enerji hasilatını təhlil edən ciddi beyin mərkəzləri hər şeyi yaxşı bilir”.
Millət vəkili onu da əlavə etdi ki, bu kimi hansısa qarayaxmalar Azərbaycan kimi güclü ölkə üçün önəmli deyil.
Vidadi ORDAHALLI