Müxalif cameədə maraqlı proseslər yaşanır. Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bağlı anti-kampaniyanı radikal müxalif düşərgənin bəzi təmsilçiləri, daha konkret desək, Tofiq Yaqublu aparır. Əsas arqument nədir? Deyirlər ki, iqtidar Əli Kərimlinin müxalifət düşərgəsində rolunu və çəkisini kiçiltmək üçün gələcəkdə Əli Əliyevdən istifadə edəcək. Necə ki, REAL-ın sədri İlqar Məmmədov həbsdə olarkən yüksək reytinq əldə etmişdi. Və bu, cəbhəçilərə xeyli problem yaratdı.
Cəbhəçilərin baxışına görə, sonra da İlqar Məmmədov iqtidarın tərəfinə keçdi, daha doğrusu, iqtidara satıldı. Əli Əliyev də İlqar Məmmədov kimi satılacaq. İndi də iqtidar Əli Əliyevin şəxsində müxalifətə yeni lider hazırlayır. Əli Əliyevin tərəfdarları isə Tofiq Yaqublunun bu addımını qısqançlıq kimi qəbul edir. Tofiq Yaqublu Əli Əliyevi həqiqi müxalifət saymadığını deyir. Fikrini belə əsaslandırır ki, Əli Əliyevin partiyadakı müavini avtobusa minib işğaldan azad edilən rayonlarda səfərə gedib, özü isə hakimiyyətlə dialoq prosesində olub. Bu cür addımları müxalifətdə çox adamlar atıb. Onların Tofiq Yaqublunun əsl müxalifətlə bağlı səsləndirdiyi təsnifata münasibətləri necədir?
Elşad Musayev: “Tofiq Yaqublunun dediklərinə şərh vermək istəmirəm”
Dialoq prosesində və Qarabağa səfərdə iştirak edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tofiq Yaqublunun səsləndirdiyi bu fikirlərə heç bir şərh vermək istəmir.
Bədrəddin Quliyev: “Belə fikirlərə “daldan atılan daş topuğa dəyər” məntiqi ilə yanaşıram”
Həmin proseslərdə iştirak edən Cümhurriyyət Xalq adlı digər partiyanın sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Tofiq Yaqublunun fikirlərinə heç reaksiya vermək lazım deyil: “Çünki onun təmsil olunduğu cameə neçə ildir ki, bu əsassız ittihamları irəli sürür. Hazırda üzvü olduğu Müsavat Partiyası elə bu hakimiyyətin dönəmində parlamentdə bir neçə deputatla təmsil olunub. Daha sıx əməkdaşlıq etdiyi AXCP və onun sədri Əli Kərimli də bu hakimiyyətin dönəmində gedib parlamentdə oturub. İndi necə olur ki, bunları etmək ayıb sayılmır, ancaq bir partiya sədrinin gedib işğaldan azad edilən əraziləri ziyarət etməsi onun əqidəsini dəyişməsi anlamına gəlir? Hazırda ortada dövlətçilik məsələsi var. Müharibənin getdiyi dönəmdə 50-yə yaxın partiyanın Prezidentə, dövlətə dəstək ifadə etməsi niyə pis əməl sayılmalıdır? Hazırda Rusiyanın Ukraynaya basqısı ortaya çıxandan sonra bütün MDB ölkələri üçün ciddi təhlükələr yaranıb. Ölkəni, dövləti qorumaq üçün milli birliyi möhkəmlətmək lazımdır. Yeri gəlsə, hakimiyyətlə lazım olan mövzularda dialoqa getmək də gərəkdir. Hazırda biz millət, vətən davası aparmalıyıq. Millətimizin azadlığını tam təmin edək, bundan sonra kimin qabiliyyəti varsa, ortaya çıxsın. Sosial şəbəkədə qəhrəmanlıq eləmək lazım deyil. Onlar kimi olmayana qara yaxmağı özlərinə peşə seçiblər. Hazırda belə daxili ziddiyyətlərə ehtiyac yoxdur. Kimlərsə bunu məqsədli edirsə, səhv yoldadı. Belə fikirlərə “daldan atılan daş topuğa dəyər” məntiqi ilə yanaşıram”.
Məhəmmədəli QƏRİBLİ