Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Telefon danışığında nazirlər ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər. Həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmalarının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlərin mümkün qədər tez başlamasının, sonrakı mərhələdə demarkasiyanın təmin edilməsinin vacibliyini vurğulayıb. Rusiyanın XİN başçısı Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində sazişin praktiki müstəviyə çevrilməsinin vacibliyini bildirib.
Daha sonra Lavrov bəyan edib ki, Minsk Qrupuna görə narahatdır: “ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün gələcək fəaliyyətinə gəlincə, onların gələcək taleyinin necə olacağını bilmirəm. Çünki amerikalı və fransız tərəfdaşlarımız rusofobik zərbə ilə hər şeyi ləğv etməyə çalışırlar. Rusiyanı narahat edən budur ki, onlar ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünü ləğv edərək, bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildiriblər”.
Həmsədrlik formatının ləğvinə görə niyə Rusiya narahatdır?
“Lavrov bu açıqlaması ilə Qərbə mesaj verir ki, biz sizinlə işləməyə hazırıq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu Rusiyanın ambisiyaları ilə əlaqələndirdi: “Rusiya xarici işlər nazirinin Minsk Qrupunun fiaskosunu qabartması əsasən Ermənistanın maraqlarına xidmət edir. Bununla XİN rəhbəri bir daha Moskvanın nizamlanmada maraqlı olmadığını, əksinə, prosesin uzanmasında maraqlı olduğunu göstərir. Bu, Kremlin münaqişənin davamlı olması istəyinin təzahürüdür. İlk növbədə münaqişə bitib və Azərbaycan regionda yeni reallıqlar yaradıb. Moskva da bunu rəsmi şəkildə qəbul edib. Ancaq Moskva məlum hərəkətliliyi ilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sabotaja yol verir. Fikrimcə, Lavrov bu açıqlaması ilə Qərbə mesaj verir ki, biz sizinlə işləməyə hazırıq. Lakin Qərb qəti şəkildə məlum Ukrayna məsələsinə görə Rusiya ilə eyni formatda təmsil olunmağa maraqlı deyil. Ona görə də bu istiqamətdə Rusiyanın cəhdləri səmərəsizdi. Ümumiyyətlə, Rusiya yaxşı olardı ki, artıq obyektiv mövqe ortaya qoysun. Bir sözlə, Lavrovun davranışları peşəkar yanaşma deyil”.
Politoloq onu da qeyd etdi ki, bundan sonra Minsk Qrupunun əvvəlki formatda fəaliyyəti mümkünsüzdür.
Vidadi ORDAHALLI