Rusiya mediası ermənipərəst dairələrin əlində olduğunu sübut etməkdədir. Təbliğat monopoliyasının başında dayanan Marqarita Simonyan Azərbaycan, Türkiyə ilə bu və ya digər şəkildə bağlı məsələlərin işıqlandırılmasına hər zaman təsir edir.
Belə təəssürat yaranır ki, Rusiya mediası öz dövlətinin rəsmi xətti ilə bağlı deyil və ermənilərin istədiyini edir. Üstəlik, Azərbaycana qarşı təxribatlara görə Rusiyada hələ heç kim cəzalandırılmayıb, hətta danlanmayıb. Rusiyanın aparıcı KİV-ləri Rusiya-Azərbaycan münasibətlərinə, Putinin rəsmi açıqlamalarına, üstəlik rəsmi Bakının bəyanatlarına getdikcə daha açıq saymazyanalıq nümayiş etdirirlər. Ancaq bir sıra məsələlərin üst-üstə düşməsi baş verənlərin heç də ermənilərlə bağlı olmadığını göstərir. Daha çox Rusiya hakimiyyətinin dəsti-xətti hiss olunur. Bugünlərdə 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirildi. Sərginin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Avropaya qaz ixracının artırılması ilə bağlı çox ciddi mesajlar verdi. Məlum oldu ki, Azərbaycan qaz ixracını artırmaq üçün nə mümkündürsə edəcək. Maraqlıdır ki, məhz ondan sonra Rusiyanın rəsmi media orqanları Qarabağ separatçılarına meydan verməyə başladı. Özünü “qondarma qurumun dövlət naziri” adlandıran Beqleryanın sərsəmləmələri RİA Novostidə geniş işıqlandırıldı. Bütün bunlar təsafüfdürmü? Ola bilərmi ki, Azərbaycanın qaz ixracı ilə bağlı artan rolu Rusiyanı qıcıqlandırır?
“Bütün bunların fərqində olan Rusiya erməni separatizmini dəstəkləməklə Azərbaycana təzyiq edir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bu təsadüf deyil və sadalanan məsələlər arasında müəyyən əlaqə var: “O üzdən, bunu inkar etmək olmaz. Nəzərə almalıyıq ki, Rusiya hər tərəfdən sıxılır. Ancaq buna baxmayaraq, Kremlin siyasəti dəyişmir. Ukraynaya hücumdan sonra Azərbaycan dünya üçün daha maraqlı ölkəyə çevrildi. Xüsusən də ölkəmizin enerji daşıyıcılarına, tranzit imkanlarına maraq artıb. Avropanın istəyi odur ki, Azərbaycandan daha çox qaz idxal etsin. O cümlədən, Azərbaycanın tranzit imkanları hesabına digər mənbələrdən qaz idxalı gündəmdədir. Bütün bunlar Rusiyanı qıcıqlandırır və narahat edir. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan daha çox qaz ixrac etməkdə maraqlıdır, amma bunun üçün əlavə sərmayə qoyuluşuna, boru xətlərinin genişləndirilməsinə ehtiyac var. Azərbaycan il ərzində qaz ixracının həcmini 31 milyard kubmetrə çatdırmaq istəyir. Avropanın tələbatı isə bundan qat-qat böyükdür. Belə olan halda Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ötürülməsi zərurətə çevrilir. Bütün bunların fərqində olan Rusiya erməni separatizmini dəstəkləməklə Azərbaycana təzyiq edir. Belə olmasaydı, xəstə Beqleryanın fikirlərini RİA Novostidə işıqlandırmazdı. Ona görə də bütün bunlar təsadüf deyil. Ermənistanla Rusiya birgə hərəkət edirlər. Rusiyanın 30 ildir istifadə etdiyi təzyiq rıçaqı separatizm ocaqlarıdır. Bu səbəbdən Rusiya erməni separatçılarını yenidən hərəkətə gətirmək istəyir”.
Partiya sədri onu da əlavə etdi ki, Azərbaycan sözügedən təxribatlara qarşı daha sərt mövqe ortaya qoymalıdır.
Vidadi ORDAHALLI