Separatçı-terrorçu Arayik Arutyunyan qanundan kənar davranışlarını, heç bir məntiqə sığmayan hərəkətlərini davam etdirir. O hər fürsətdə özünü göstərmək üçün şou göstərir. Erməni mətbuatında yayılan məlumatlara görə, Kəlbəcərə qanunsuz səfəri sırasında o, rayonun müvəqqəti olaraq Rusiyanın nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” adlanan məbədə də baş çəkib.
Qeyd edilənə görə, həmin məbədə Xudavəng monastırının keşişi olmuş terrorçu Ovannes Ovannisyan “baş keşiş” “təyin edilib”. Yazılanlara görə, baş separatçı Azərbaycana məxsus bəhs edilən abidənin təmir-bərpası üçün müəyyən vəsait ayrılmasına “göstəriş verib”.
Araik və onun dəstəsi Rusiya sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək istədiklərini edirlər, hətta Azərbaycana aid monastıra terrorçunu “baş keşiş” də “təyin edirlər”. Bütün bunlara isə Rusiya sülhməramlıları göz yumur.
“Bu belə davam edə bilməz və Rusiya sülhməramlıları tərəfindən bu məsələnin izahı verilməlidir”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, belə bir halın yaşanması qətiyyən qəbul edilə bilməz. Onun sözlərinə görə, çünki bir separatçnın, terrorçunun Azərbaycan ərazilərində bu qədər rahatlıqla hərəkət etməsi yolverilməzdir: “Xüsusilə də separatçıbaşının rahatlıqla Kəlbəcər rayonunun Kolətək kəndindəki “Akopavank” adlandırdıqları məbədə baş çəkməsini qəbul etmək mümkün deyil. Rusiya sülhməramlılarının da hədlərini aşması buna bir örnəkdir. Araikə hər cür şərait yaradan, onu dəstəkləyən məhz Rusiya sülhməramlıları adlı qüvvədir ki, onlar hər dəfə hədlərini bir qədər də aşırlar. Ən dəhşətli hallardan biri vaxtilə qanunsuz olaraq Xudavənd monastırında “keşiş” olmuş əli qanlı terrorçunun indi sözügedən monastra “baş keşiş” “təyin edilməsi”dir. Yalnız ermənilər terrorçudan “baş keşiş” düzəldirlər. Bu faktların özü də açıq göstərir ki, oradakı monstırları da separatçıbaşı terrorçularla doldurub terror yuvasına çevirir. Məsələ burasındadır ki, separatçılar sülhməramlıların icazəsi ilə istədiklərini edirlər, hətta terrorçunu “baş keşiş” də edirlər. Təbii ki, bu belə davam edə bilməz və Rusiya sülhməramlıları tərəfindən bu məsələnin izahı verilməlidir”.
F.Ələkbərlinin sözlərinə görə, o ərazilərdə həyata keçirilən hər şey Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində həyata keçirilməlidir. Burada sepratçıların meydan sulamasına Rusiya sülhməramlıları tərəfindən son qoyulmalı olduğunu deyən F.Ələkbərlinin bildirdiyinə görə, Araikin burada monastıra özbaşına, qanunsuz olaraq “baş keşiş” “təyin etməsi”, monastırın təmiri üçün “vəsait ayırması” yolverilməzdir. Orada baş verənlərin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat olduğunu və qanunvericiliyimizə uyğun gəlmədiyini deyən F.Ələkbərlinin qeyd etdiyininə görə, bütün bu qanunsuzluqların qarşısını “dəmir yumruq” ala bilər. “Hesab edirəm ki, Azərbaycan rəhbərliyi, Azərbaycan dövləti bunları cavabsız qoymayacaq. Fikrimcə, bütün bunlar hamısı nəzarət altındadır. Biz hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdə öz mövcudluğumuzu ortaya qoymalıyıq. Separatçıların belə qanunsuz hərəkətlərinin artması heç də yaxşı hal deyil. Biz dövlət içində hansısa bir separatizmin yenidən alovlanmasına yol verə bilmərik. 2020-ci ilin payızında biz terrorçuların, separatçıların əsasən başını əzmişik. İndi onların tör-töküntülərinin bu və ya digər şəkildə yenidən baş qaldırması qəbuledilməzdir. Şübhəsiz ki, buna Azərbaycan rəhbərliyi, Azərbaycan dövləti və Azərbaycan əsəgəri öz sözünü deyəcək. Nə olursa olsun, biz yenidən separatizmin alovlanmasına yol verə bilmərik. Bu kimi hallar yenidən sepatatizmi qızışdıra bilər. Bu baxımdan, vaxtında bunun qarşısı alınmalıdır” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA