Prezident İlham Əliyevin çıxışlarında toxunduğu məqamlar, verdiyi mesajlar əksər hallarda Ermənistan cəmiyyətində ciddi rezonansa səbəb olur. Artıq bunu Ermənistan hakimiyyətinin rəsmiləri də etiraf edirlər.
Ermənistan Baş naziri administrasiyasının rəhbəri Arayik Harutyunyan bəyan edib ki, İlham Əliyevin hər bəyanatından sonra Ermənistanda qarışıqlıq başlayır: “Mən təəccüblənirəm, Ermənistan Baş naziri, xarici işlər naziri, deputatlar, Baş nazirin administrasiyasının rəhbəri dəhliz məntiqində hər hansı bir şeyin müzakirə olunmadığını deyirlər və İlham Əliyevin hər bəyanatından sonra Ermənistanda qarışıqlıq başlayır ki, ölkəni satdılar”.
Onun sözlərinə görə, danışıqlar onun üçün olmalıdır ki, bunun nəticəsində güzəştlərə, kompromislərə gedəsən və optimal versiyanı tapasan: “Danışıqlar kompromislər üçündür, başqa variant yoxdur”.
Bütün bunlar Prezident İlham Əliyevin son dərəcə böyük və güclü siyasi xadim olduğunu bir daha ortaya qoyur.
“Erməni cəmiyyəti yaxşı bilir ki, Paşinyan və onun komanda üzvlərinin nə deməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, qarşı tərəf bununla Prezidentimizin müdrüklüyünü, güclü dövlət başçısı olduğunu etiraf edir: “Cənab Prezidentin bütün fəaliyyəti real işə, məqsədyönlü siyasətə söykənib. Prezidentin qətiyyətli siyasəti sayəsində Ordumuz 30 ilə yaxın işğala son qoydu. İllərlə davam edən bu ədalətsizliyə dur deyərək öz sözünü dedi. Erməni cəmiyyəti yaxşı bilir ki, Paşinyan və onun komanda üzvlərinin nə deməsindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq. Heç bir qüvvə bunun qarşısını ala bilməyəcək. Ermənistanda cəmiyyət İlham Əliyevin qətiyyətini, qərarlı mövqe ortaya qoymasını gördüyü üçün ona inanır. Bu səbəbdən Prezidentin hər sözü Ermənistanda ciddi müzakirələrə səbəb olur. Bizim prezidentin verdiyi bütün qərarlar birmənalı şəkildə icra olunur. Qarşı tərəf də bunu çox yaxşı dərk edir. Nə qədər gizlətməyə çalışsalar da fərqindədilər ki, gedən proseslər Azərbaycanın xeyrinə işləyir. Azərbaycanın dünyada artan nüfuzunu yaxından görür və bununla hesablaşırlar. O baxımdan hesab edirəm ki, Ermənistan boş yerə vaxtı uzatmamalıdır. Reallıqlarla hesablaşmalıdır. Dəhlizlərin və digər məsələlərin həllini sürətləndirməlidir”.
Bir sözlə, Vüqar Rəhimzadə hesab edir ki, zaman Azərbaycanın xeyrinə işləyir.
Vidadi ORDAHALLI