Rusiyanın Qarabağ separatçıları ilə bağlı Azərbaycana yönəlik təxribatçı fəaliyyəti səngiməlk bilmir. Rusiyanın dövlət media resursları separatçıların müsahibələrini yayır və Azərbaycan tərəfinin etirazlarını nəzərə almırlar.
Bu arada Rusiya Dövlət Dumasının deputatı, MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistana gedib. O, iyunun 1-dən 4-dək Ermənistanda olub. Belə ki, Zatulin Qarabağ separatçılarının keçmiş və indiki liderləri ilə görüşlər keçirib. O, Robert Koçaryan, Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla görüşüb. Zatulin, həmçinin, Azərbaycanın Qarabağ bölgəsi üzrə sülhməramlı kontingentin komandiri Andrey Volkov, eləcə də separatçıların “Dağlıq Qarabağın rus icmasının rəhbəri” adlandırdıqları Aleksandr Bordovla görüşüb. Bütün bunlar açıq-aşkar təxribatdır. Maraqlıdır, Zatulinin həyasızlığına Rusiyada son qoyan tapılacaqmı? Bütün bunlar təsadüfdürmü?
“Bu tərz səfərlər həm də Rusiyanın sülhməramlı qüvvələrinin gerçək missiyası ilə bağlı məsələlər ətrafında suallar yaradır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun fikrincə, baş verənlər təxribatdır: “Çünki Konstantin Zatulin Rusiya Dövlət Dumasında iqtidar partiyası sayilan Vahid Rusiyanı təmsil edir. Eyni zamanda Dumada MDB üzrə münasibətlərə məsul olan komitənin sədr müavinidir. Bu mənada, Zatulinin MDB üzvü olan dövlətlərə rəsmi səfərləri parlament komitəsində bu sahəyə məsul olan şəxs kimi hər hansı ajiotaj doğurmamalıdır. Ermənistana olan səfər də istisna deyil. Zira Ermənistan Rusiya üçün ciddi geosiyasi və hərbi əhəmiyyət kəsb edən məlum təşkilatlarda (Aİİ və KTMT) Rusiya ilə birgə təmsil olunub. Onun hərbi, siyasi anlamda müttəfiqidir. Bundan əlavə, Rusiya Azərbaycan və Ermənistan arasında atəşkəsi təmin edən məlum Moskva razılaşmasının əldə olunmasında moderator rolunda çıxış edib. Ancaq bütün bunların fonunda Zatulinin separatçılarla bir araya gəlməsi təxribatdır. Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya Dövlət Dumasının bu yüksək ranqlı məmuru Ermənistanda rəsmi İrəvanın təmsilçiləri ilə yanaşı, seperatçı rejimə əvvəllər və indi rəhbərlik etmiş şəxslərlə də görüşüb. Onun bu hərəkəti Azərbaycanda narazılıq doğurmaqla yanaşı, ölkə ictimaiyyətini düşündürən sualların meydana gəlməsinə səbəb olur. Əvvəla, Zatulinin rəsmi Bakını xəbərdar etmədən İrəvanda seperatçı rejimin rəhbəri Araiklə görüşüb danışıqlar aparması doğru deyil. Çünki bu ilin fevralında Moskvada Azərbaycan və Rusiya dövlətləri arasında müttəfiqlik barədə imzalanmış müqavilənin məzmununa, ruhuna, onun məlum tələb və şərtlərinə ziddir. Ona görə ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı ilə razılaşdırmadan Qarabağla bağlı hər hansı muzakirə dövlətimizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Deməli, qonşu Rusiya Federasiyası ilə bizim mehriban qonşuluq, strateji müttəfiqlik münasibətlərimizin mahiyyət və xarakterinə ziddir. Qarabağdakı separatçı rejimin Azərbaycan və Ermənistan arasında münasibətlərə bu və ya digər dərəcədə təsir edə biləcəyi ilə bağlı müzakirələr də absurddur. Azərbaycan bütün bu illər ərzində Qarabağdakı separatçı rejimdən daha çox ona dəstək verən Ermənistanla mübarizə aparıb və sonda onu da məğlub edib. Zatulin kimi siyasətçilərin Ermənistana olan bu tərz səfərləri həm də Rusiyanın sülhməramlı qüvvələrinin gerçək missiyası ilə bağlı məsələlər ətrafında da suallar yaradır. Zira Rusiya belə olan halda tərəf tutmamalı, Moskva bəyanatının tələblərindən irəli gələn şərtlərə özu də əməl etməlidir”.
Politoloq onu da əlavə etdi ki, belə təxribatlar Rusiyanın vasitəçiliyinə zərbə vurur.
Vidadi ORDAHALLI