Məlum olduğu kimi, Şuşada Bakı Enerji Həftəsi çərçivəsində "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" mövzusunda xüsusi sessiya keçirilib.
Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifələrini icra edən Rövşən Nəcəf, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons, "TotalEnergies" şirkətinin icraçı direktoru və sədri Regis Aqut, "Masdar Clean Energy" şirkətinin icraçı direktoru vəzifələrini icra edən Favaz əl-Məhərrəmi, "ACWA Power" şirkətinin investisiyalar üzrə direktoru Klayv Terton iştirak edib.
Şuşada Bakı Enerji Həftəsi çərçivəsində "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" mövzusunda tədbirin keçirilməsinin əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, alternativ enerji mənbələri ilə bağlı Azərbaycan hələ İkinci Qarabağ müharibəsindən öncə məşğuldur. İstər günəş, külək və ya su hövzələrindən olan enerjisi ilə bağlı Azərbaycanın gücü mövcuddur: “44 günlük Zəfər müharibəsindən sonra Azərbaycan artıq işğaldan azad edilmiş torpaqlarda varlığını da əlavə etməklə regionda nüfuzlu və imkanı olan ölkəyə çevrilib. Biz həmin enerjidən nəinki özümüz, həmçinin, ixrac da edəcəyik”.
Həmsöhbətimiz hesab edir ki, Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı ilə gələcəkdə çoxlu sayda layihələr həyata keçiriləcək: “Məlumdur ki, işğaldan azad edilən ərazilərdə “Ağıllı kəndlər” inşa edilib. Həmin kəndlərdə pilot layihələr həyata keçirilə bilər. Görülən işlər göz qabağındadır. Ötən il ərzində aparılan hesablamalara görə, alternativ enerji mənbələri və yaşıl enerji sarıdan ön sıradayıq”.
Ekspert onu da əlavə etdi ki, bu gün Azərbaycanın ənənəvi enerji mənbələri iqtisadi dövriyyəyə cəlb edilib. Şuşada Bakı Enerji Həftəsi çərçivəsində "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" mövzusunda forumun keçirilməsi region üçün vacibdir. Forumda müzakirə edilən mövzuların mərhələli şəkildə həyata keçirilməsi üçün Azərbaycanın mövcud potensialı yetərincədir. Təbii ki, beynəlxalq əhəmiyyətli tədbirlərin Qarabağda keçirilməsi işğalçı ölkə olan Ermənistan üçün zərbədir.
Günel CƏLİLOVA