Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət sahəsində olan Xankəndidə hələ də fəaliyyət göstərməyə çalışan və özünü utanmadan “dövlət naziri” kimi sırıyan separatçı tör-töküntüsü Artak Beqleryan Azərbaycanın ünvanına böhtan atmağa çalışıb. Beqleryan bir müddət öncə Qarabağda “savaşmağa gəlmiş silahlılar”ın Ukraynada Rusiyaya qarşı döyüşə göndərilməsinin mümkünlüyünü iddia edib.
O deyib ki, guya həmin zaman “ermənilərə və xaça qarşı” döyüşmək üçün Suriyadan 5-7 min arası döyüşçü gəlib: “Bəlkə də onlardan bəziləri müharibədən sonra azad edilən ərazilərdə qalıblar. Ola bilsin ki, həmin şəxslər Ukraynaya Rusiyaya qarşı döyüşmək üçün göndərilsin”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı suala cavabında bunları deyib:
“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur. Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir. RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır".
Rusiyanın rəsmi KİV-nin belə məzmundakı böhtanı tirajlamaqda hansı marağı ola bilər?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yalnız gülüş doğura biləcək bir iddiadır: “Bunun belə olduğunu yalnız biz deyil, Rusiyanın mediası və başbilənləri də yaxşı bilir. Çünki Azərbaycanın apardığı 44 günlük müharibə göz önündə baş verib. Dünyanın ən məşhur kəşfiyyat xidmətləri hər şeydən xəbərdar olub. Onlar kimin hansı qüvvədən istifadə etməsindən ətraflı məlumata malik olublar. Hamı bilir ki, Azərbaycan öz ordusunun gücünə torpaqları işğaldan azad edib. Ermənilərdə belə fakt olsaydı döyüş meydanında heç olmasa bircə nəfər əcnəbi döyüşçünün fotosunu yayardılar. Ermənilər şər atmağa öyrəniblər. Rusiya niyə bu meydanı verir? Çünki Rusiya dövlətinin təbliğatı hər zaman aşağılarda sürünüb. Ermənilərin heç bir reallığa söykənməyən yalanını tirajlamaq buna sübutdur. Ukraynanı işğal etməsini, guya həmin əraziləri azad etmək kimi qələmə verən Rusiyadan nə gözləmək olar? Azərbaycan dövləti sərt tədbirlərə əl atmalıdır. Moskvadakı səfirliyimizdən səs yoxdur. Rusiya televiziya kanallarını kabel paketlərindən çıxarmaq lazımdır. Onların saytına girişi bloklamalıyıq. Biz bunları etmirik, sonra da deyirik ki, Rusiya mediası niyə bizə belə yanaşır? Biz bütün bunlara dözümlü yanaşırıqsa, deməli, bizdə də az günah yoxdur”.
Qeyd edək ki, artıq Azərbaycan ərazisində agentliyin saytına giriş məhdudlaşdırılıb.
Azərbaycan hökumətindəki qaynaqlar mediaya RİA Novostinin ölkə ərazisində bloklandığını təsdiqləyib.
Məhəmmədəli QƏRİBLİ