“Biz Türk Dövlətləri Təşkilatını (TDT) çox effektiv bir təşkilat halına gətiririk”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, bu təşkilata son zamanlar çox maraq yaranıb, həmçinin, müşahidəçi statusunu almaq istəyən ölkələrin sayı da artıb. Nazir onu da bildirib ki, bu ilin sonu TDT-nin Özbəkistanda baş tutacaq Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusu veriləcək.
Məlum olduğu kimi, Şimali Kipr Türk Cumhuriyyətini Türkiyə Cumhuriyyətindən başqa heç bir dövlət tanımayıb. Sözügedən Zirvə Görüşündə müşahidəçi statusu verilməsi nəzərdə tutulan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsi digər türk dövlətlərinə də təklif edilə bilərmi ki, onlar da tanısınlar?
“Şimali Kipr Türk Cumhuriyyətinin tanınması gələcəkdə müzakirə olunmalıdır”
AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı–Xəbər”ə şərhində bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin məsələsi bütün türkdilli xalqları, bütün müsəlman dünyasını düşündürür. “Mən özüm şəxsən Şimali Kipr Türk Cümhuriyyətində 15 gün ezamiyyətdə olmuşam və o problemləri əyani şəkildə bilirəm. Bu məsələ dünya xalqları içərisində az-az hallandırılan məsələlərdən biridir. Osmanlı imperiyası dağıldıqdan sonra onun ərazisi olan Kipr əvvəl ingilislər, sonra isə Qərb ölkələrinin köməyi ilə yunanlar tərəfindən ələ keçirildi və orada türk əhalisi soyqırıma məruz qoyuldu, oradan türklərin köçürülməsi baş verdi. Onlar “problemi” yerli türk əhalini köçürməklə, qırmaqla “həll etmək” istədilər, lakin qardaş Türkiyə cumhuriyyəti bu cinayətin qarşısını aldı və o vaxtdan ada iki yerə bölündü. BMT-yə daxil olarkən orada dövlətlərin ərazi bütövlüyü məsələsi əsas götürülür. Əvvəllər ərazi bütövlüyü əsas hüquq kimi götürülürdüsə sonradan millətlərin öz müqəddəratını təyin etmək hüququ da önə çəkildi. Dünyada proses indi başqa cür gedir ki, hər şeyi güc, tərəf həll edir. Bir tərəfdən deyirlər ki, dövlətlərin ərazi bütövlüyü qorunmalıdır, bu tərəfdən də xalqların öz müqəddəratını həll etmək məsələsinə dəstək verməklə yeni dövlətlərin yaranmasına gətirib çıxarırlar”.
M.Zülfüqarlı hesab edir ki, biz bunu SSRİ dağıldıqdan sonra Balkanlarda müşahidə etdik. Onun sözlərinə görə, bizi bu gün bir məsələ narahat edir ki, niyə türk dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini tanımır: “Bütövlükdə, Şimali Kipr Türk Cumhuriyyətinə belə bir statusun veriləcəyi xəbəri çox müsbətdir. Bu statusla bu türk cumhuriyyəti də öz qardaşlarının yanında yer almalıdır. Onu da deyim ki, indiyə qədər Şimali Kipr Türk Cumhuriyyətinin başqa türk ölkələri tərəfindən tanınmamasının səbəbləri var. Bu ölkələrin özündə kənar qüvvələrin, xüsusilə də böyük dövlətlərin təsiri ilə problemlər yaradılıb. Məsələn, Azərbaycan üçün “Dağlıq Qarabağ” problemini yaratmışdılar. Əgər Azərbaycan o vaxt Şimali Kipr Türk Cümhuriyyətini tanısaydı, Ermənistan, Rusiya və digər onlara yaxın olan dövlətlər Qarabğadakı o qondarma “qurumu” tanıyardı və bu Azərbaycan üçün böyük problemlər yaradardı. Bu çox həssas məsələ olduğu üçün buna diqqətlə yanaşılıb.
İndi isə vəziyyət başqa cürdür, Türk Dövlətləri Təşkilatı yaradılıb, türk dövlətlərinin birliyi bu təşkilatda ifadə olunub. Hesab edirəm ki, Şimali Kipr Türk Cumhuriyyətinin tanınması gələcəkdə müzakirə olunmalıdır. Əgər siyasi proseslər imkan verərsə, əlbəttə, böyük həvəslə bütün türkdilli cumhiriyyətlər Şimali Kipr Türk Cumhuriyyətini tanıya bilər. Mənə belə gəlir ki, o tanınana qədər də əməkdaşlıq etmək, mədəni-iqtisadi əməkdaşlığı genişləndirmək lazımdır. Çünki Türkiyədə yaşayan qardaşlarımız Azərbaycana bir millət iki dövlət prinsipi ilə yanaşırlarsa, Şimali Kipr Türk Cumhuriyyətində yaşayanlar isə bir millət üç dövlət prinsipini irəli sürürlər. Bunu açıq şəkildə elan edirlər. Bizə qardaş olan Şimali Kipr Türk Cumhuriyyətini heç zaman yaddan çıxarmamalıyıq, tək qoymamalıyıq və siyasi prosesləri izləməklə gələcəkdə onlara hər cür dəstək verməyə hazır olmalıyıq”- deyə M.Zülfüqarlı bildirdi.
İradə SARIYEVA