Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın iyunun 1-də baş tutan konsertində iştirak etməsi sosial şəbəkələrdə və yerli mediada ciddi müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri xanım səfiri Ukraynaya qayıtmadığına görə tənqid ediblər. Konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın da gəlməsi səs-küyə səbəb olub.Səfirin davranışı sosial şəbəkələrdə ciddi etirazlar yaradıb.
Qeyd edilib ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur. Bir müddət əvvəl savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılıb. E.Axundovanın hələ də Ukraynadakı vəzifəsinə qayıtmadığı qeyd edilir.
“Hadisələrin gedişi və onun burada olması onu göstərir ki, o bir daha səfir kimi geri qayıtmayacaq”
Ukraynadakı səfirimizin belə ağır bir vəziyyətdə öz postuna qayıtmamasını və konsertə getməsini şərh edən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, E.Axundovanın müharibənin ilk vaxtlarından özünü prosesdən kənarda qoyması ictimaiyyətdə ciddi müzakirlərə səbəb olmaqla yanaşı həm də tənqidlə qarşılandı. B.Quliyevin sözlərinə görə, bir səfirin əsas işi dövlətin maraqlarını qorumaq, bütün fəaliyyətini o istiqamətdə qurmaqdır. Bir səfir üçün dövlət maraqlarının hər şeydən üstün olmalı olduğunu vurğulayan partiya sədrinin fikrincə, səfir işlədiyi ölkədə özünü yox, dövləti təmsil edir. Bir neçə aydır ki, Bakıda olan və vəzifəsinə qayıtmayan səfirin davranışlarını şərh edən B.Quliyev qeyd etdi ki, bu bir sıra halların baş verməsinə yol açır. “ Əvvəllər məlumat yayılmışdı ki, səfir əməliyyat olunduğu üçün vəzifəsini icra etmək üçün Ukraynada deyil. Artıq bir neçə ay keçib, amma səfir öz Ukraynaya qayıtmayıb, hələ də Bakıdadır. Bilirsiz ki, hələ Ukrayna Rusiya müharibəsi başlandığı ilk vaxtlarda səfirin ortalıqda görünməməsi ciddi tənqidlərlə yol açdı, ittihamlara səbəb oldu. Proses hamıya bəlli olduğundan bu barədə geniş danışmaq istəmirəm. Səfirin Ukraynada olmayıb burada konsertə getməsi məsələsinin ictimaiyyət tərəfindən sərt qınanması təbiidir. Bu gözlənilən idi. Hadisələrin gedişi və onun burada olduğu onu göstərir ki, o bir daha səfir kimi geri qayıtmayacaq. Səfirin burada olması, geri qayıtmaması, orada səfir kimi fəaliyyətini davam etdirməməsi məsələsinə münasibət Xarici İşlər Naizrliyinin səlahiyyətindədir. O orada fövqaladə və səlahiyyətli səfir kimi vəzifəsini yerinə yetirməli və dövlərit maraqlarını qorumalıdır. Proseslər göstərir ki, o səfir postundan geri çağırılacaq.
Ola bilsin ki, indi orada onun vəzifəsi birinci katibə, yaxud baş konsula həvalə olunub. Mən belə hesab edirəm ki, o yaxın zamanlarda ora geri qayıtmayacaq. Bir səfirin gəlib burada oturmasına, öz vəzifəsinə geri dönməməsinə Xarici İşlər Nazirliyinin reaksiyası ciddi olmalıdır. Çünki burada dövlət maraqlarından söhbət gedir. Əgər buna laqeyd yanaşırlarsa bu Xarici İşlər Nazirliyinin səfirlərlə işində yaranmış nöqsandır və yaxud da bizim dövlət səviyyəsində aparılan xarici siyasətimizdə boşluqlar var. Bütün hallarda, bu məsələyə laqeyd yanaşılmamalıdır. Dövlətin hər zaman ictimai fikrə əhəmiyyət verdiyini bilirik və bu məsələyə də reaksiya verilməsi yaxşı olardı. Elmira Axundovanın nə üçün Ukraynada deyil, Bakıda olduğuna rəsmən münasibət bildirilməlidir”.
B.Quliyev hesab edir ki, səfirliyin kənardan idarə edilməsi çətin prosesdir və işin başında, hadisələrin içində olmadan nə isə etmək çətindir. Belə həssas məqamda səfirin Ukrayanada çətinlik içində olan azərbaycanlıların yanında olmayıb Bakıda olmasının, üstəlik də konsertdə görünməsinin ictimaiyyət tərəfindən sərt qarşılanmasını təbii sayan partiya sədri hesab edir ki, bütün bunlara yaxın zamanlarda dövlət səviyyəsində aydınlıq gətiriləcək.
Qeyd edək ki, Brilliant Dadaşovanın konserti barədə “getmişəm, yaxşı etmişəm” deyən Elmira Axundova
barəsində səsləndirilən ittihamlara, tənqidlərə mətbuat vasitəsilə cavab verib. E.Axundovanın bildirdiyinə görə, artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır: “Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyir. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən - yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orda işləməyə hazırıq. Mən özüm bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç nəfər qadın əməkdaş var. Mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”.
İradə SARIYEVA