Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Həmin məktubun mətnini olduğu kimi təqdim edirik:
"Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.
Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir".
Qeyd edək ki, əvvəlki sələflərindən fərqli olaraq, Bayden daha tez-tez cənab İlham Əliyevə məktub ünvanlayır. Bu, bir ay ərzində onun tərəfindən bizə ünvanlanan ikinci məktubdur. Eyni zamanda məktubların məzmununda ABŞ-ın Azərbaycanın roluna böyük önəm verildiyi qeyd olunur. Bu səmimiyyət Baydenin şəxsi keyfiyyətlərindən irəli gəlir, yoxsa Azərbaycanın son zamanlar artan rolundan?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyəti durmadan artır: “Ölkəmiz bölgənin geosiyasi cəhətdən ən önəmli dövlətinə çevrilib. Mühüm enerji və logistik yollar bizim ərazimiz vasitəsilə reallaşır. Ən əsası isə. Qərbin enerji təminatında mühüm oyunçuya çevrilib və bu rol get-gedə daha da artır. Eyni zamanda Qərb Orta Asiyanın təbii ehtiyatlarını da Azərbaycan üzərindən tədarük etməyi planlayır. Bu baxımdan biz ABŞ və onun Qərb müttəfiqləri üçün açar ölkə rolunu oynayırıq. Buna görə də başa düşürlər ki, Azərbaycan kimi bir ölkəni ovuclarının içində saxlamalıdırlar. Təbiidir ki, bu məsələdə İlham Əliyevin çevik siyasətçi olması, həmin dairələrlə sıx təmaslar qura bilməsi də mühüm rol oynayır. Azərbaycan beynəlxalq münasibətlərdə kifayət qədər ön plana çıxıb. Bunu da Bayden və digər güclər qiymətləndirməyə məcburdur. Biz bu diqqəti Qarabağla bağlı danışıqlarda da görürük. Avropa İttifaqının danışıqlardakı fəallığını buna misal göstərə bilərik. Bəli, Baydenin məktublarında, rəsmi protokol ruhundan daha çox, bizə verilən yüksək dəyər hiss edilir”.
Məhəmmədəli QƏRİBLİ